Vəhşi kapitalizmin ədalətsiz rəqabət oyunları təhsilə də sirayət edir?

Tarix : Oxunma : Yorum Yaz

Ali məktəblərə qəbul imtahanları davam edir, eyni zamanda ixtisas seçimi ərəfəsindəyik. Bu mərhələdə ali məktəblər arasında da rəqabətin aktiv fazaya keçdiyini söyləmək olar.

Amma təəssüf ki, bəzi məqamlarda rəqabət prinsipləri pozulur, nə qədər təəccüblü olsa da, bu sahədə də qara PR işə düşür, feyk-nyuslardan, dezinformasiyalardan və ya ictimai fikri çaşdıracaq məlumatlardan istifadə olunur. Məsələn, bu günlərdə bəzi sosial şəbəkə səhifələrindədünya universitetlərinin veb populyarlığını müəyyən edən UniRank reytinqinin 2021-ci ilin nəticələri təqdim edildi.
Birincisi, bu reytinq ilin əvvəllərində açıqlandığı halda nəyə görə indi dövriyyyə buraxılmışdı? Ehtimal ki, bu, məqsədyönlü şəkildə abituriyentlərin seçiminə təsir etmək üçün düşünülmüş manipulyasiya idi.
İkincisi, ümumiyyətlə, universitetin saytının giriş göstəriciləri onun təhsil keyfiyyətini müəyyən etmək üçün doğru indikator sayıla bilərmi?
Təhsil eksperti Xəzər Babayev hesab edir ki, universitetlərin reytinqini müəyyən etmək üçün onların saytlarına girişi göstərici kimi qəbul etmək doğru yanaşma sayıla bilməz: “Bu cür reytinqlər ictimai fikri çaşdıra bilər. Çünki bilirik ki, sayt sayğaclarına müdaxilə texniki baxımdan mümkündür, eyni zamanda müxtəlif proqramlar vasitəsilə sayta giriş rəqəmlərini artırmaq olur. Belə halda, bu göstəricini ciddi indikator kimi qəbul etmək olmaz. Vacib olan təhsilin keyfiyyətidir. Məsələn, dünya universitetlərinin təhsil keyfiyyətini, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reyitinq var – bu dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education “THE İmpact Ranking” reytinqidir. Bu, akademik reytinq sayılır. Sevindirici haldaır ki, bu il ilk dəfə olaraq həmin reytinqə ölkəmizdən 6 ali təhsil müəssisəsi düşdü. Ölkə üzrə ilk iki yerdə Xəzər Universiteti və Qərbi Kaspi Universiteti idi. Sonrakı yerlərdə, səhv etmirəmsə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti qərarlaşırdı. Dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il 1240 ali təhsil ocağı reytinqə daxil edilmişdi. Məsələn, bu təşkilat bir çox istiqamətlər üzrə ciddi sənədlər, dəllillər, foto və video faktlar əsasında qiymətləndirmələr aparır. UniRank reytinqində isə bu meyarlar işləmir, əsas götürülmür. Məsələn, bu reytinqə baxan abituriyentdə belə təəssürat yarana bilər ki, Azərbaycan Dövlət İdarəçilik Akademiyası ölkədə heç ilk 15-likdə də yoxdur. Və ya götürək, BDU-nu — 30 min tələbəsi var, yəqin ki, bu qədər zəngin tarixi, məzunları, geniş fəaliyyət diapozonu, elmi tədqiqatları olan universitetin saytına giriş daha çox olmalı idi, nəinki, tutaq ki, 5-6 min tələbəsi olan universitetin saytına. Və ya necə oldu ki, Bakı Mühəndislik Universiteti bu qədər gerilədi? Güman ki, bu, kiminsə gözündə canlandırdığı, subyektiv əsaslara söykənən sıralamadır. Əslində, sayta giriş də, ictimai rəy də obyektiv qiymətləndirmə, akademik göstərici sayıla bilməz. Universitetin saytına giriş göstəriciləri ictimai nüfuzla düz mütənasib olmalıdır. Yəni nüfuzu yüksək olan ali təhsil ocağının saytına giriş daha çox olmalıdır. Amma burda qanunauyğunluq hansı səbəbdənsə pozulub. Bu, təxminən bəzi saytların İPsavaşına bənzəyir. Bu cür yarışlar saxta fenomenlər yarada bilər”.

İlk yorumu siz yazın