Meyxanaçı Vüqar Əbdülov barəsində inzibati iş başlanıb.
Aydınlıq.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ifaçı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Elnurə Rəcəbova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.
529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Maddədən həm də o aydın olur ki, Vüqar Əbdülov bundan əvvəl yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törədib və buna görə ona cərimə yazılıb. Lakin meyxana ustadı cəriməni ödəməyib.