Telekanallarda biabırçı məişət şouları: “Bu, cinayət məsuliyyəti yaradır”

Telekanallarda biabırçı məişət şouları: “Bu, cinayət məsuliyyəti yaradır”
Tarix : Oxunma : Yorum Yaz

Son vaxtlar ölkə telekanallarında yayımlanan ailə-məişət mövzulu verilişlərdə qeyri-etik çıxışlar çoxalıb. Qadınların ailə məsələlərinin qanuna əsasən yox, mental dəyərlər əsasında ittiham olunması, ailədaxili məsələlərin efir vasitəsi ilə ictimailəşdirilməsi də tez-tez rastlaşdığımız haldır. Bəzən onların ailə üzvləri efirə gələrək qarşı tərəfi küçə sözləri ilə ittiham edir.

Bəs görəsən, bu cür verilişlərin etdiyi şəxsi həyata müdaxilə hesab oluna bilərmi?
 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas, media eksperti Ələsgər Əhmədoğlu bunun Konstitusiyaya görə də qadağan olduğunu bildirib:
 
“Əvvəla qeyd edim ki, bu son vaxtların problem deyil, Azərbaycan telekanallarının oldu-olası tək burnunu soxduğu məsələ bu tip məişət mövzularıdır. 

Cəmiyyət üçün önəmli olan mövzular kənarda qalır, hansısa dar çərçivədə, cəmiyyəti ilgiləndirməyən iki ailənin, yaxud bir şəxsin özəl həyatını geniş, eninə-boyuna müzakirəyə çıxarırlar. Buna əsas səbəb də televiziyalarda plüralizmin yoxluğudur, çünki ictimai mövzuları müzakirə edə bilmirlər və bu tip məsələlərə yönəlirlər.  

Əlbəttə, şəxsi həyatın toxunulmazlığı həm Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi çərçivəsində qorunur. Və buna qanunsuz müdaxilə Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət məsuliyyəti yaradır”.
 
Media eksperti qeyd edib ki, bu tip mövzuları efirə çıxaran jurnalistlər də hüquqi baxımdan məsuliyyət daşıyırlar:
 


“Bu baxımdan həm etik olmayan, həm də hüquqa zidd şəkildə ictimai əhəmiyyət daşımayan, heç bir pablik fiqur olmayan, cəmiyyət üçün onların özəl həyatının hər hansı əlaqəsi olmayan şəxslərin şəxsi həyatının gündəmdə tutulması çəxsi həyata qanunsuz müdaxilə hesab olunur. 

Bu tip müdaxilələr hüquqi çərçivədə müzakirə edilsə, həmin şəxslərin hüquqi məsuliyyəti qaçılmaz olar. Bu həm də televiyaya – bunu efirə çıxaran jurnalistə də aiddir. Bu mövzunu işləyən jurnalist mahiyyət etibarı ilə artıq hüquqi məsuliyyət daşıyır”.

İlk yorumu siz yazın