“Bu gün televiziya iki nəfərin saçyoldusunu, beş nəfərin toyunu xatırladan bir məkana çevrilib…”Bu sözləri Yenisabah.az-a teleaparıcı Rövşanə Ağasəfqızı deyib.
Onun sözlərinə görə, milli telekanallara maraq azalıb və onlar nüfuzunu ciddi şəkildə itirib:
“Mənə görə bu gün müasir televiziya artıq əlimizdəki telefonlardır. Vaxt vardı ki, televizorun başına vururduq işləyirdi, sonra pultla işləyən televizorlara keçdik və bu gün artıq yeni era gəlib, televizor əl boyda smartfonlara uduzub. Televiziya artıq ovcumuzdadır.
Dəfələrlə demişəm, bu gün insanlar dinamik həyat yaşayır, hər şeyin qısa zaman ərzində başa gəlməsinə öyrəşiblər. Gənclik illərimizdə cild-cild kitablar oxuyurduq, lakin bu gün gənclərə həmin kitabları oxuda bilmirik. Onların buna nə həvəsi, nə də zamanı var. Onlar becid həyat tərzini seçiblər, bu da zamanın tələbidir.
Efirdə 2-3 saatlıq zaman alan söz-söhbətə hesablanmış müzakirələr artıq tamaşaçıya maraqlı deyil. Verilişin içindən kəsilmiş qısa hissələr sosial şəbəkələrdə paylaşılır, onlar baxılır, müzakirə obyektinə çevrilir, bu haradasa tamaşaçının diqqətini cəlb edir.
Bu gün telefonda filmlərdən tutmuş, ədəbiyyata qədər hər şey var. Heç kimin TV izləməyə həvəsi yoxdur. Bu zamanın tələbidir, bunu dəyişə bilmərik”.Aparıcı qeyd edib ki, bu gün Azərbaycan teleməkanındakı əyləncəli proqramlar həddən artıq bayağıdır:
“Ümumiyyətlə, reytinq məsələsi gündəmə gələndən televiziya nüfuzdan düşdü. Reytinqi isə saçyoldu, qırğın-qiyamət verir. Nə qədər olar? Tamaşaçı artıq görür ki, boş söhbətlər, boş vədlər deyilir. Yalana hesablanmış ailə məsələləri efirə çıxarılır. Hətta mən özüm də efirlərdə bunun şahidi olmuşam, bəzi ailə münaqişələrinin qurama olduğunu görmüşəm. Bunlar artıq tamaşaçını bezdirib. Amma bu verilişlər necə reytinq qazanır onu da bilmirəm. Amma bu gün televiziyanın dişinin kəsəri yoxdur!”
Rövşanə Ağasəfqızı Onun sözlərinə görə, telekanallarda köklü dəyişikliklərə ehtiyac var:
“Təəssüf ki, mən də bu qazanın içində qaynayıram, başqa əlacımız yoxdur, nə etməliyik? Qarşımıza məqsəd qoyulur ki, reytinq qazandırmalısan. Necə?
Bu yaxınlarda bir verilişdə dava oldu və debatın məğzi kənarda qaldı, jurnalistlə siyasətçinin davasını gündəmə çevirdi. Belə olmaz, nələrsə kökündən dəyişilməlidir”.