«Sənətimlə heç vaxt baş kəsmərəm» — Acından ölən tənbəllərdi»

«Sənətimlə heç vaxt baş kəsmərəm» — Acından ölən tənbəllərdi»
Tarix : Oxunma : Yorum Yaz

Gecədən sübhə kimi əlləşib-vuruşan şou əhlinin qazanc mənbəyi heç kəsə sirr deyil ki, el şənlikləridir. Həftə səkkiz, mən doqquz toy və el şənliklərində “qaz vurub qazan dolduran” müğənnilər bu yolla özlərinə əməlli-başlı şərait qurub.

Müğənnilərin toy qiymətləri isə hər zaman ən aktual mövzulardan biri olub. 

Bəs görəsən, son vaxtlar gündəmdə olan qiymət artımı məsələsi müğənnilərin də toy qiymətlərinə də təsir edəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Yusif Mustafayev qiymətlərdə heç bir dəyişiklik etmədiyini bildirib:

“Mən toy qiymətlərində artım etməyəcəyəm. Ümumiyyətlə, bizlər qiymətləri qaldırmamalıyıq. Biz bu xalqın balasıyıq, xalqla ayaqlaşmalıyıq. əgər vətəndaşın imkanı yoxdursa, mən necə deyim ki, bu qiymətə gedirəm, ver? Xalq o pulu verə bilmirsə, niyə evdə oturum ki? Ona görə xalqla mütləq ayaqlaşmalıyıq.

Məsələn, mənim özümün yolum var. Tutalım, kimsə yığıb deyir ki, Yusif müəllim, səni məclisimdə görmək istəyirəm, nə qədər pul verməliyəm? Deyirəm, gücün nəyə çatır? Deyir ki, tutalım, 1 manata, deyirəm onun üstünə 50 qəpik də qoya bilərsənmi? Deyir baş üstə. Heç vaxt mən bu sənətlə baş kəsmərəm, xalqa baha qiymət demərəm. Çünki bizim millət çox yaxşı millətdir, qalib millətdir. Biz hər şeyə hörmət etməliyik”.

İfaçı qeyd edib ki, qazi toylarında pulsuz oxuyur:

“O qədər olub ki, gedib pulsuz məclislərdə oxumuşam… Bizim qazilərimiz, alnıaçıq balalarımız var, onların adı gələndə hər şey dayanır. Onların adı gəldisə, qurtardı, kimsə deyirsə, qazıdır, deyirəm vəssalam, o toyun pulu artıq mənə çatıb, gedib oxuyuram. Gülə-gülə də ürəklə oxuyub gəlirəm, bu mənim borcumdur. Əgər mənim damarlarımda azərbaycanlı qanı axırsa, qazidən pul almamalıyam. Musiqiçilərim də eyni fikirdədir. Onlar heç vaxt bundan giley etməzlər, Allah bizi yaradıbsa, hamı dolana bilir, acından ölən yoxdur. Təmbəl adamlar acından ölür. Elə adamlar var ki, deyirlər Allahdan buyruq, ağzıma quyruq. Bu belə olmur. Məsəl var, səndən hərəkət, məndən bərəkət. Allah dövlətimizi, xalqımızı, ordumuzu qorusun. Heç kəsi ruzi ilə sınağa çəkməsin”.

İlk yorumu siz yazın