Müğənni Səidə Sultan son günlər trendləri alt-üst edən “Ooo” mahnısından danışıb.
Olay xəbər verir ki, Sultan layihəni hazırlama prosesindən, ünvanına yazılan tənqidlərdən söz açıb.
İfaçı deyib ki, “Calm down” mahnısının melodiyasını çox bəyəndiyi üçün onun sözlərini dəyişmək fikrinə düşüb:
“Elə əcnəbi mahnıları var ki, gərək onları Azərbaycan dilində oxuyub başa salasan. Gördüm ki, “partlayış” edib. Həm də melodiyası ürəyəyatandır, rahatdır. Ona görə Fərid Ağaya dedim ki, aranjıman et, özüm üçün oxuyum. O da tonallığıma uyğun aranjıman etdi, sözlərini isə Tofiq Sədrəddin yazdı. Mahnının özündə “Ooo” deyir, özüm təklif etdim ki, həmin hissə də mahnının adı olsun. Düzünü deyim ki, bizdə nə vaxtsa belə şeylər olub, sonra musiqi zövqümüz korlanıb deyə edilmir.
Dünyada da, bizə yaxın olan Türkiyədə də populyar mahnıları öz dillərinə çevirib, oxuyurlar. Tutuzdururlar. Xoşuma gələn olsa, yenidən edəcəm. Əsas ürəyimə yatsın. Həm də niyyətim yox idi ki, mahnını populyar edim, tanıdım. Özümə xoş idi. Fikirləşdim ki, bəlkə mən bəyənmişəm, başqasının xoşuna gəlməz. Ona görə yutuba yerləşdirmədim, ilk dəfə efirdə səsləndirdim. Sonra mesajları gördüm ki, xoş rəylər yazırlar. Düşündüm ki, yəqin insanların xoşuna gəlib. Amma lağa da qoymaq istəyənlər oldu…”
Səidə bildirib ki, sosial şəbəkələrdə onu parodiya edib, mahnını fərqli tərzdə oxuyanlara münasibəti yaxşıdır:
“Parodiya edənləri gördüm, xoşuma gəldi. Hətta obrazı da təqlid etdilər. Bəyəndim. Lakin tənqid edənlərə nə deyim ki? Allah sizə zövq versin, zövqləri olsa, irad bildirməzlər. Çoxluq təşkil edirsə… Sevən çoxdursa, deməli, biz udmuşuq. Mənim feysbukum, tiktokum yoxdur, Sovet adamıyam. Tək instaqram işlədirəm. Deyirlər, Səidə mahnın trendə düşdü, post paylaş. Dedim, nə bilim. Özüm də gözləmirdim ki, belə olsun, viral səviyyəsinə çatsın”.