Məşhur müğənni Rihannanın brendi «Savage x Fenty» məlumat gizlətdiyinə görə bir milyon dollardan çox pul ödəməli olacaq.
Axşam.az xəbər verir ki, brend müştəriləri aldatmaqda günahlandırılır və bu səbəbdən məhkəmədə istehlakçılara 1,2 milyon dollar ödəməyə razılaşıb.
İddialar 2022-ci ilin avqustunda Kaliforniya ştatında açılıb. Məhkəmə sənədlərinə görə, şirkət məlumatları gizlədib və müştərilərə VIP-kartların sahiblərindən alınan müntəzəm ödəniş barədə məlumat verməyib. Bundan başqa, üzvlüyünü ləğv edən müştərilərin pulları da geri qaytarılmayıb.
Belə ki, dövlət qanunlarına əsasən, avtomatik ödənişlər haqqında aydın və nəzərə çarpan məlumatın olmaması, bu cür ödənişləri avtomatik yeniləyərkən razılıq almaması, məhsullarının qiymətlərini və mağazaların kredit kartlarından istifadə qaydalarını yanlış təqdim etməsi şirkətin məhkəmədə uduzmasına səbəb olub.
Qeyd olunur ki, brend öz saytında müvafiq dəyişikliklər edib. Bundan əlavə, şirkət bir milyon dollar inzibati cərimə ödəməyə, həmçinin məhkəmə xərclərini (50 min dollar) ödəməyə razılıq verib. Daha 150 min dollar Kaliforniyadan olan VİP müştərilərə kompensasiya olaraq köçürüləcək.