«Kino ittifaqları birləşmədi. Heç kəs ürək edib bu ittifaqları birləşdirə bilmədi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsinə münasibət bildirərkən deyib.
Xalq artisti bu məsələni həll etməyin vacibliyini vurğulayıb: «Kino İttifaqı bir olmalıdır, bunun başqa yolu yoxdur. Harada görünüb ki, iki ittifaq olsun? Yazıçılar, bəstəkarlar, rəssamların bir itiffaqı olduğu halda niyə kinonun iki ittifaqı var? Bunu həll etmək lazımdır. Düzünü deyim ki, bu məsələ nazirliyin səlahiyyətində deyil. Kino İttifaqı ictimai təşkilatdır. Şəfiqə Məmmədovanı kimlər bu quruma təyin ediblərsə, həmin adamlar da ittifaqları birləşdirməlidir. Bir ölkədə iki ittifaq olar? Qalmışıq ortalıqda, bilmirik nə edək? Bu ittifaqı vaxtilə Əli Həsənov yaratmışdı”.
Rasim Balayev 2023-cü ildə rəhbərlik etdiyi qurumun 60 illik yubileyi olacağını bildirib: «Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqın isə 9 yaşı olacaq. Onlar bizim qucağımızda bəbədirlər”.
Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri olan Xalq artisti Şəfiqə Məmmədova yenidən bu vəzifəyə seçilib. Rasim Balayev isə 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. O, bu postda mərhum Rüstəm İbrahimbəyovu əvəzləyib.