Məlum olduğu kimi, deputat Qüdrət Həsənquliyevin biznes şəriki olan, salyanlı iş adamı Oqtay Abuzərov “Demokrat.az” saytını yenidən məhkəməyə verib. İş hazırda Bakının Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Sözügedən iş adamı cari ilin fevral ayında da saytımızın Baş redaktoru Vasif Həsənliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Həmin iddia ərizəsində iş adamı Baş redaktorun həbsini tələb edirdi. Məhkəmə iddianın baxışa təyin edilməməsilə bağlı qərar çıxardı. İstəyinə nail ola bilməyən Oqtay Abuzərov indi də saytımıza qarşı mülki iddia qaldıraraq, 50 min manat dəyərində maddi təzminat tələb edir.
Bununla yanaşı, iş adamı bütün şəxsi əlaqələrini də işə salaraq Demokrat.az-a qarşı total hücuma keçib.
Mediaya qarşı olan bu basqıya ölkənin bir çox tanınmış siyasətçiləri, ictimai xadimləri və jurnalistləri kəskin etirazlarını bildiriblər.
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli də saytımıza açıqlamasında Qüdrət Həsənquliyev və onun şərikinin bu addımını pisləyib.
Onun sözlərinə görə, ölkənin tanınmış və peşəkar media qurumlarından birinə qarşı atılan bu addımlar birbaşa söz azadlığına basqıdır:
“Mən bu məsələdən media vasitəsilə xəbər tutmuşam. Belə başa düşdüm ki, iddiaçı saytın onu Qüdrət Həsənquliyevin biznes səriki kimi təqdim etməsinə etiraz edir. Əslində, Qüdrət Həsənquliyevin bizneslə məşğul olduğunu bütün ölkə bilir. Təbiidir ki, onun şərikinin də olmasında qeyri-adi nəsə yoxdur. Qüdrət Həsənquliyevin biznes subyektlərini zamanında mən də videoçəkilişlərlə cəmiyyətə təqdim etmişəm. Bunu dana bilməzlər. Belə israrla bir jurnalistin üzərinə gedilməsində mən başqa nüanslar görürəm. Bu, qətiyyən bir yazıdan doğan narazılığa bənzəmir. Hədisələrdə Qüdrət Həsənquliyevin dirijor çubuğu aydın görünür. “Demokrat.az” saytı ölkənin milli və dövləti maraqlarını qoruyan media qurumudur. Belə bir KİV-ə qarşı təşkil edilən əsasız başqılar mütləq durdurulmalıdır. Vaxtilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov da “Demokrat.az”ı hədəfə alaraq, ona müxtəlif təzyiqlər təşkil etdirirdi. Son aqibətini gördük. Bu adamlar bilməlidir ki, onlar atdıqları belə ağılsız addımları ilə həm də ölkəmizin imicini zərbə altına qoyurlar. Çünki bu cür hallar bütün beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı media mühitinin şəffaf olmadığına dair faktlar kimi ölkəmizi istəməyən qüvvələr tərəfindən təqdim olunur. Ümidvaram ki, mediaya qarşı bu planın ssenarisini cızanlar nəhayət ki, ziyanın yarısından qayıdaraq, bu əməllərindən əl çəkəcəklər”.