Hələ 2022-ci ildə “İçərişəhər” Dövlət Qoruğuna müdir təyinatı alan Şahin Seyidzadənin yenidən deputatlığa namizədliyi irəli sürülüb.
Tribunainfo.az xəbər verir ki, Qoruq müdiri təyinatından sonra bəh-bəhlə “peşəkar”, “bacarıqlı kadr” kimi təqdim olunan Şahin Seyidzadənin geri dönüş etməsi buraxdığı səhvlərlə bağlıdır.
Qeyd edək ki, sözügedən şəxs 2020-ci il parlament seçkilərində 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputatı olmuşdu. “İçərişəhər” Dövlət Qoruğuna müdir təyinatı aldıqdan sonra isə deputat mandatına xitam verilmişdi. Bəs, nə baş verdi ki, Seyidzadə yenidən geri qaytarılır?
Tribunainfo.az bildirir ki, onun qoruq müdiri kimi etimadını itirməsinin birinci səbəbi qəbul zamanı Qarabağ qazisinin özünə xəsarət yetirməsi olub. Həmin vaxt qazinin özünə xəsarət yetirməsini gizlətməyə nail olan Seyidzadə, bu işdə TƏBİB-in də imkanlarından yararlanmağı bacardı.
Belə ki, xəstəxanaya zorla çatdırılan və həyatı xilas edilən qazinin başına gələnləri təkcə qoruq müdiri deyil, elə TƏBİB də ustalıqla gizlətməyə, cəmiyyətə məlumat verməməklə üstünü örtməyə nail oldu.
Düzdür, bu hadisə onun aktivinə mənfi xal yazdırdı, amma postunu təhvil verməsi məsələsinə müəyyən qədər göz yumulmasına səbəb oldu.
Lakin Hesablama Palatasının apardığı yoxlama Seyidzadənin sonunu gətirən ikinci və əsas amilə çevrildi.
Belə ki, Palata apardığı yoxlamalar zamanı “İçərişəhər” Dövlət Qoruğunda kifayət qədər ciddi maliyyə yeyintilərinin olduğunu aşkarladı. Aydılan büdcə pullarının təyinatdan kənar xərcləməkdən tutmuş, əsasız xərclərə qədər ciddi faktların üzə çıxması onun postu ilə üzləşməsinə gətirib çıxardı.
Qeyd edək ki, faktiki dönəmdə ciddi maliyyə yeyintisi faktı heç bir məmura bağışlanmır. Elə bu səbəbdən də başı bir xeyli ağrıyan Şahin Seyidzadənin yardımına onu qoruyan və bu posta qədər yüksəldən adamlar çatdılar. Əslində, bunu ona görə deyil, öz reputasiyalarını qorumaq üçün etdikləri sirr deyil.
Və prosesin uzanması və daha biabırçı vəziyyətin yaranmaması üçün əvvəlcə Palatanın yoxlama məsələsinin üzərindən keçərək, onu ört-basdır etməyə çalışdılar. Mütləq mənada buna nail də oldular.
Lakin məsələni birdəfəlik “kəsib atmaq” üçün isə deputatlıq yolunu açmaq qərarına gəliblər. Elə gələn xəbərlərdən də belə məlum olur ki, Seyidzadənin bacarıqsızlığını yenidən deputat seçdirilməsi ilə gizlətməyə çalışırlar.
Hərçənd bəzi mənbələr onun Milli Məclisə qaytarılmasını yeni yüksək vəzifə ilə mükafatlandırılacağı ilə əsaslandırmağa çalışırlar. Məsələn, iddia edilir ki, Şahin Seyidzadə Adil Əliyevin postunu tutacaq və vitse-spiker olacaq.
Lakin gedişat və baş verən hadisələri fonunda Şahin Seyidzadənin sözügedən posta gətirilməsi inandırıcı görünmür. “İçərişəhər” Dövlət Qoruğunda ciddi maliyyə yeyintisində günahlandırılan sözügedən şəxsin, bir də bacarıqsızlığını bura əlavə etsək, hakimiyyət dairələrinin belə bir adama vitse-spiker postu verəcəkləri qəti real görünmür.
Əksinə, onun qoruq müdirliyindən parlamentə göndərilməsi yuxarıda qeyd etdiyimiz kimi, bacarıqsızlığını ört-basdır etmək məqsədi daşıyır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.