Bir neçə müddətdir TikTok video paylaşım platformasına Azərbaycan şou-mədəniyyət üzvləri axın edirlər. Onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış stilist Samiraldo (Samir Əliyev) bu gün məşhurların “TikTok”da dilənçilik etdiyini deyib:
“Bu gün “İnstagram” mənim çörək ağacımdır, mən oradan reklam götürürəm, öz mahnılarımı paylaşıram. Bu mənim işimdir. “YouTube”la yaxud başqa sosial şəbəkələrlə işləmirəm.
Mənim də “TikTok” kanalım var, bir dəfə ora girdim, gördüm ki, çox səviyyəsiz adamlarla doludur. Orada canlı yayım açdıqda gərək ancaq söyüş söyəsən, öz səviyyəni aşağı salasan ki, sənə “hədiyyə” atsınlar.
Həmin sosial şəbəkədə hətta Xalq artistləri, tanınmış aparıcılar da bunu edirlər. Pula görə öz qeyrətlərini, namuslarını, səviyyələrini də satırlar, nə var-nə var kimsə onlara “hədiyyə” göndərsin. Bu məndə yoxdur, heç kim çıxıb deyə bilməz ki, Samiraldo bunu edib. Mən düzünü danışan insanam, buna görə bəziləri məni sevmir.
Məsələn, bir neçə il bundan əvvəl demişdim ki, “Damla həddindən artıq zövqsüz qadındır”. Gördüm ki, bu sözümdən sonra Damla başqa-başqa adamlar vasitəsilə mənə zənglər etdirib hədə-qorxu gəldi. Amma mən dediyimin arxasındayam, əgər kiməsə bir söz deyirəmsə, o sözün dalında dayanmağı da bacaran insanam. Bu sözümə görə bəlkə də bir çox tanınmış məni daşlayacaq, amma deyəcəyəm: “TikTok” dilənçilik şəbəkəsidir! Orada canlı yayımdan nəsə qazanırlar. Sonra həmin məbləğin 70 faizini “TikTok”un özünə verib, 30 faizini alırlar. O 30 faizə görə məşhurlar söyüş yiyəsi olurlar. Bu onların imicinə də ciddi xələl gətirir”.
Stilist Xalq artisti Bilal Əliyevin “TikTok”dakı hərəkətlərini də tənqid atəşinə tutub:
“Mənim Xalq artisti Bilal Əliyevə böyük hörmətim var idi. O mənim üçün dahi bir sənətkar idi, Ulu Öndər Heydər Əliyevin qarşısında mahnılarını ifa edən bir müğənni olub, amma indi “TikTok” açmağı, gic-gic şeylər etməyi onu mənim gözümdən saldı.
Sənəti yox, özü gözümdən düşdü. İnsanın sənəti ola bilər, amma davranışlar, hərəkətlər də vacibdir.
Baxın, mərhum İlhamə Quliyeva gözəl sənətkar idi, onun hər bir kəlməsi tarixə düşüb, amma o həmişə özünü müdafiə etmək üçün başqalarına pislik edirdi. Amma insanlar indi onun üçün bərk darıxıblar, çünki sənətkar idi.
İndi isə sənətkarların özlərini bu vəziyyətə salmağı mənə elə gəlir ki, ən axırıncı yoldur. Bizə elə gəlir ki, sadə insanlar heç nəyi görümürlər, bilmirlər, amma onlar hər şeyi çox gözəl başa düşürlər, yadda saxlayırlar. Bu cür səviyyəsiz hərəkətlər müğənnilərin toy məclislərinə də mənfi təsir edir. Sabah insanlar onları toylara çağırmayacaqlar, deyəcəklər ki, filankəs bambılı adamdır, pula görə hər yola əl atır, gəlib mənim ailəmin məclisini necə aparacaq? Düşünəcəklər ki, əgər bu adam öz qeyrətini, namusunu, səviyyəsini qoruya bilmirsə, necə gəlib məclisimi idarə edəcək? Müğənnilər bunu da nəzərə almalıdır, bilmirəm, bəlkə də bu fikirlərimə görə məni qınayacaqlar, amma mən olanı deyirəm”.