Zəfər zirvəsinə gedən yol 44 günlük Vətən müharibəsindən keçdi. Bu müharibə gözümüzün önündən həqiqətən də, film kimi keçdi. Bəs bunu film kimi gerçəkləşdirə bildikmi?
Mədəniyyət Nazirliyi son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Buna baxmayaraq, İkinci Qarabağ savaşı zamanı müharibənin acı həqiqətlərini dünyaya çatdıran keyfiyyətli filmlər görəsən, çəkilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan rejissor, aktyor Kənan Mahmudov (Kənan MM) müharibə mövzusunda ssenari yazsa da, Mədəniyyət Nazirliyinin bu filmi çəkmək üçün dəstək göstərmədiyindən gileylənib:
“Bu mənim yaralı yerimdir. Müharibə ilə bağlı film üçün “Gəl, çək” dedilər, mənmi çəkmədim? Kim mənə dedi ki, bu mövzuda film çək, mən imtina etdim?! Ssenari də vermişəm. Filmin adı “Yeddi oğul bir Vətən”dir. İlqar Fəhmi də ssenari yazıb, Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Fariz Əhmədov da kömək etmək istədi, lakin Mədəniyyət Nazirliyi susur”.
Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ayırdığı filmlər barədə danışan rejissor burada keyfiyyətin daha önəmli olduğunu vurğulayıb:
“Bu mövzuda kəmiyyət-keyfiyyət söhbəti var. 10 anormal film olmağındansa, bir dənə normal olsun. Onlar heç bir şəhid anasının üzünə baxa bilməyəcəklər! Oturublar ancaq heykəl düzəldirlər… Kino insanın həqiqi tarixini dünyaya yaymaq üçün yeganə vasitədir. Heç kəs gəlib Şuşadakı heykələ baxıb tarixi alqışlamayacaq. Onlar filmə baxıb həqiqəti başa düşəcəklər. Eləmirlər, mən nə edim? Mən nazir deyiləm. Biabırçılıqdır. Fərdi qaydada müharibə ilə bağlı film çəkmək olmaz, film üçün tank, təyyarə lazımdır, hardan alım mən onları? Görünür, Mədəniyyət Nazirliyi bütün büdcəni Vaqif Mustafayevin “Fəryad-2” filminə verib. Yəqin Vaqif müəllimin adı var ona görə, bizimsə heç nəyimiz yoxdur.
Yazdığım ssenari təqdim olunub, amma maliyyə ayırmadılar. Heç nə yaxşı olmayacaq, özümüzü aldatmayaq. Belə gəlib, belə də gedək, heyif o şəhidlərdən, cavan uşaqlardan…”
K.Mahmudov bu gün istedada dəyər verilmədiyini bildirib: “Bilirsiniz, bəzi insanlar var ki, yanlış yerdə doğulublar. Onlardan biri də mənəm. Bir ölkənin mədəniyyət tarixi istedadlı insanlardan yox, mədəniyyətin başında dayanan insanlardan başlayır. Çox təəssüf ki, bu belədir”.