“Oğlum ailə quranda məsləhətli seçim oldu. Artıq gənc oğlan idi, biz oturub söhbət edirdik. Ona dedim ki, bax, bizim ətrafımızda dostlarımız, qohumlarımız var. Üstəlik atanız tərəfindən bizə daxil olan dostlar var. Təbii ki, onların da ailəsində qız övladı var».
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva «Üzə-düz» proqramında deyib. Müğənni oğlundan və onun xanımından bəhs edib:
«Düzdür, mən ona məcbur etmədim ki, bu belə olmalıdır. Sadəcə, ona dedim ki, mənim tanımadığım ailənin övladını evimizə gətirmə. Bilirsiniz, övladımı təkbaşıma böyütmüşəm. Bəlkə də atası olsaydı, bu şeyləri deməzdim. Əlbəttə ki, hadisələr başqa cür cərəyan edərdi. Oğlumun həm atası, həm anası olaraq ata üzərinə düşən söhbətləri də danışmalıydım. Oğlum da sağ olsun, məsləhətlərimi dinləyib, əməl edib. Ailə elə bir şeydir ki, bir dəfə seçib, bir dəfə ailə qurursan. Orda yanılmaq olmaz. Qayınana kimi lazım olan yerdə sözümü deyirəm, məsləhətlərimi verirəm. Amma gəlinimlə rəfiqəyik. Hətta oturub dərdləşirik. Ailədə həmişə gəlinimin tərəfindəyəm”.
G.Əliyeva ikinci dəfə ailə qurması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:
«Bir foto paylaşdım, amma o xanım mənim yox, bacımın qızı idi. Nə xoşbəxt olaydım ki, mənim qızım olaydı. 4-5 övladım olsun, mən bunu çox istəyərdim. Bir oğlum var, bunu da hamı bilir. O fotodan sonra çox pis rəylər oxudum. Ay insanlar, axı məsələnin əslini bilirsiniz. Təəssüf ki, o söz-söhbət bizi cəmiyyətdə gözdən salmaq üçün olur. Suallar yarandı ki, guya Gülüstan Əliyeva 2-ci dəfə ailə qurub, ya kimləsə yaşayır. Olmayan şeyləri yazmayın, ayıbdır. Mən də başqa sənət adamları kimi o yazarları məhkəməyə verib, təzminat da ala bilərəm. Amma bu şeyləri özümə yaraşdırmıram. Açıqlama isə ona görə vermədim ki, hər kəs həqiqəti bilir, mənimçün gülməli göründü».