“Keçirilən aksiyanı yüksək qiymətləndirirəm, çünki bu, baş verənləri bütün dünyaya çatdırmaq cəhdidir. Biz indiyə kimi fəal olmamışıq, səs-küy salmamışıq. Ermənilərsə hər cür həyasızlığa əl atıblar…”
Bu sözləri Yenisabah.az-a Xalq şairi Vahid Əziz Şuşa-Xankəndi yolunda keçirilən aksiya barədə danışarkən deyib. O, bu aksiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Hesab edirəm ki, keçirilən aksiya davam etməlidir və hər məsələdə fəal olmalıyıq. Dünyaya səsimizi çatdırmaq isə çox çətindir, dünyanın gözü kordur. Ukraynaya bütün dünya kömək edir, amma ermənilər bizim üstümüzə düşəndə bir köpək oğlu bizə kömək etmədi. Çünki dünyada ikili standartlar var, ayrıseçkilik salırlar. Xaçpərəst dünyası özü ayrıseçkilik edir sonra da həyasızlıq edir ki, bizi islam dünyası məhv edir. Ermənilər qorxurlar, çünki bilirlər ki, bizimkilər oraya girsə, həmin yatağı mühafizə edəcəklər, yataq ordu tərəfindən qorunacaq. Onlar ordunun girməyindən qorxurlar, düşünürlər ki, ordu girdisə, Stepanakerti əllərindən alacaqlar. Ona görə hər cür şivənliyi edirlər. Mənim fikrimcə, bu məsələdə təkcə jurnalistlər yox, hər kəs fəal olmalıdır. Azərbaycan telekanallarında ingilis, alman və başqa aparıcı dillərdə verilişlər olmalıdır. Səsimizi bütün dünyaya yaymaq lazımdır. Təkcə AzTV-də cənab Prezidentin dediklərini deputatların təkrarlaması ilə bunu bacarmaq olmaz. Bizim ideologiyamız güclü olmalıdır, təbliğatımız çəkinməməlidir, sıxılmamalıdır, fəal olmalıdır. Biz indiyə kimi fəal olmamışıq, ona görə başımıza bu oyunlar gəlib”.
Şairin sözlərinə görə, erməni xalqı separatçıların təbliğatına uymasa, azərbaycanlılarla sülh içində yaşaya bilər:
“Ermənilərə qalsa, seperatçıların ideologiyasından çıxarlar. Serj Sarkisyan, Köçəryan və digərləri nə vaxtsa Azərbaycanın haqq-ədalət məhkəməsinin qabağında durmaqdan qorxurlar. Ona görə də xalqını qızışdırıb onlara təbliğ edirlər ki, azərbaycanlıları yaxın qoymayın, sizi qıracaqlar. Qarabağda yaşayan ermənilər nə qədər fəal olsalar, bu iş o qədər asanlaşar. Keçən dəfə bir erməninin çıxışını gördüm, xoşum gəldi. Dedi ki, biz azərbaycanlılardan qorxmuruq, onlar bizə toxunmurlar. Bax, bunları çəkmək, televiziya kanallarında göstərmək lazımdır. Yerli kanallar səhər tezdən camaata bozbaş bişirməyi öyrədir, amma bu məsələ ilə məşğul olmur. Niyə kanallarda rusca, ingiliscə verilişlər getmir? Bu mütləq olmalıdır. Ermənilər bütün dünyaya car çəkib, yayırlar, biz isə susmuşuq ki, amanın günüdür, birdən Ayrapetin xətrinə dəyər. Belə ideologiya olmaz! İdeologiyamız çox zəif olduğuna görə biz indiyə kimi geri qalmışıq”.