“Nar”ın dəstəyi ilə Ana dilində səlis danışanların çempionatı — Cəlalə Nəzəroğlunun müsahibəsi

“Nar”ın dəstəyi ilə Ana dilində səlis danışanların çempionatı — Cəlalə Nəzəroğlunun müsahibəsi
Tarix : Oxunma : Yorum Yaz

Artıq 4-cü ildir ölkəmizdə “Diksiya Akademiyası”nın “Ana dilində hekayəni danış” natiqlik çempionatı keçirilir. Azərbaycanın dörd bir yanından gənclər çempionatda hekayələrini danışırlar və natiqlik bacarıqları ilə yarışırlar. 

“Ana dilində hekayəni danış” natiqlik çempionatının 4-cüsünün finalı bugünlərdə baş tutacaq. Final öncəsi Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu ilə layihə haqqında söhbətləşdik.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

— Cəlalə xanım, “Ana dilində hekayəni danış” natiqlik çempionatını həyata keçirmək üçün sizə ilham verən nə oldu?

— Mən orta məktəbdə oxuyanda, tez-tez həm rayon daxilində, həm bütün ölkəni əhatə edən şeir müsabiqələri keçirilirdi. Həmişə düşünürdüm ki, hər kəs şeiri əzbərləyib pafoslu formada deyə bilir. Görəsən, nəzmlə deyil, nəsrlə danışsaydılar, yenə də eyni nəticəni göstərə bilərdilər? Şeiri demək üçün xüsusi tələblər var, onları da yerinə qoyduğumuz zaman o çempionatda yaxşı performans göstərə bilirsiniz. Orada bizim söz ehtiyatımız sorğulanmır. Bədahətən öz fikirlərini deməyə gələndə, çox adam duruxub qalır. Düşündüm ki, belə bir çempionatı keçirəriksə, kölgədə qalmış, üzünü göstərə bilməyən, parlaq zəkalı gənclərimizi gün işığına çıxararıq. Yaxud ömür boyu öz bacarıqlarını ört-basdır edən, özünü ciddi bir kompleksin içinə salıb orada çapalayan insanlar bizim səhnəmizə çıxdıqları zaman sanki qaranlığı yaracaqlar, işığa qovuşacaqlar. Beləliklə, bu layihəyə başladıq. Elə birinci ilindən böyük maraq doğurdu. Yüzlərlə gənc bizə öz videolarını çəkib göndərdi. İldən-ilə də müraciət edənlərin sayı artır.

— Çempionat zamanı tam şəkildə faydalanmalarını təmin etmək üçün iştirakçılara hansı təlimlər keçirilir?

— Birinci mərhələ üçün gənclər bizə öz videolarını çəkib göndərirlər. O videolar ələnir və ikinci mərhələyə keçmiş şəxslərə biz çempionatın ilk günlərindən başlayaraq həyəcanlanmamaqları üçün nəfəs təlimləri keçirik. Səslərini doğru istifadə etsinlər deyə, səs məşqləri edirik. Sözləri doğru tələffüz etsinlər deyə, artikulyasiya — yəni ağız tənbəlliyini ortadan qaldıran məşqlər edirik. Parazit səslər çıxarmadan fikirlərini düzgün və dəqiq ifadə etsinlər deyə, söz ehtiyatını artırmaq istiqamətində tövsiyələrimizi veririk. Bədən dili ilə bağlı məşqlərimiz olur, təsirli mövzu seçimi ilə bağlı məlumatlandırırıq. Təkcə nəzəri bilgi verməklə kifayətlənmirik, hər biri praktik olur.

— Yəni qalib olmayan iştirakçılar da yarışdan əliboş qayıtmırlar.

— Hətta ikinci mərhələyə adlamamış gənclərin də bir qazancı olur. Ən azından o cəsarəti özlərində toplayıb, telefonun ön kamerasını açıb video çəkib bizə göndəriblər. Yüz min kilometrlik yol ilk addımla başlayar. İkinci mərhələyə adlamış gənclərimizə təlim keçirik, öyrənirlər. Finala qədər gediblərsə, bu özü onlarda inam hissi yaradır. Finalçılarımız isə qalib olmağın zövqünü də yaşayırlar. Biz ilk 3 yeri deyil, 4, 5 və 6-cı yerləri bölüşdürən dostlarımıza simvolik hədiyyələr veririk ki, ən azından bu yarışmadan bir xatirələri qalsın.

— Mən bir yarışınızda iştirak etmişdim, maraqlı hekayələr danışılır. Çıxışların mövzuları ilə bağlı tələblər nələrdir?

— Əsas kriteriyalarımızdan biri çıxışın motivasiya xarakterli olmasıdır. Yəni sənə qulaq asan gənc mütləq ilhamlanmalıdır. İkincisi, yeni məlumat əldə etməlidir. Çıxışlar kitablardan, videolardan alınmış təkrar fikirlər olmamalıdır. Əlbəttə, qaynaqlarınız olmalıdır, amma onları bir növ emal edib özünüzün yeni fikirlərizi ortaya qoymalısınız. Mövzu seçimində sərbəstdirlər.

— Layihənin maraqlı tərəflərindən biri də onun Bakıyla məhdudlaşmaması, eyni zamanda regiondan olan insanların da iştirak etməsidir. Bütün bölgələrin iştirakını təmin etmək layihənin əhatəliliyini və təsir gücünü necə artırır?

— İstedadlı gənclər hər yerdə var. Bakı paytaxtdır, mərkəzdir. Burada təlim, tədris imkanları daha genişdir. Bölgələr haqqında eyni fikri təəssüf ki, söyləyə bilməyəcəm. Bölgə gənclərini biz bu mövzuda istisna etmək istəmədik. Əgər onlar da bu səhnəyə çıxmaq, “Mən də varam” demək istəyirlərsə, niyə də onlar qoşulmasınlar? Birinci mərhələ bizdə onlayn olur, ölkənin dörd bir yanından gənclər öz videolarını bizimlə bölüşürlər. Seçildikləri zaman isə yarımfinal və finalda iştirak üçün Bakıya gəlirlər.

— Layihə 4 il ərzində necə inkişaf edib? 

— Layihəni ərsəyə gətirməmişdən öncə çox uzun-uzadı müzakirələr aparmışıq. Elə bir iş ortaya çıxarmaq istəyirdik ki, ayaqları sağlam olsun. İldən-ilə təbii ki müəyyən qədər dəyişikliklər var, inkişaf etdirmişik. Hər bir layihənin keyfiyyətli, çoxşaxəli keçirilməsi birbaşa maliyyə dəstəyindən asılıdır. İşin yaradıcı tərəfi öz yerində, amma hərəkətverici qüvvə eyni zamanda maliyyədir. 2 ildir ki, “Nar” bu layihənin əsas dəstəkçisidir. “Nar”ın layihəmizi dəstəkləməsi inanılmaz dərəcədə faydalı oldu. 

Deyir ki, tək əldən səs çıxmaz. “Nar” da bizə bu layihədə böyük dost əlini uzadır. Bu mövzuda bizi tək qoymadıqları üçün təşəkkür edirəm.

— “Nar” bununla dövlətin ana dilimizlə bağlı siyasətini dəstəkləmiş olur.

— Əlbəttə, belə böyük, mütərəqqi, nüfuzlu şirkətin yanımızda olması çox qürurvericidir. Eyni zamanda dilimizin qorunması, saflaşdırılması, gələcək nəsillərə çatdırılması ilə bağlı dövlətimizin həmişə aktiv bir siyasəti var. Bax bu prioritet məsələlərdən biridir. “Nar” bu çempionata dəstək verməklə, eyni zamanda həmin siyasəti də dəstəkləmiş sayılır. Ana dili məhrəm, həssas, hər kəsin təəssübünü çəkdiyi mövzudur. Sağ olsunlar ki, ana dilimizə bu qədər ciddi yanaşırlar.

— Cəlalə xanım, 4-cü dəfə təşkil edilən çempionat ana dilimizin islahatına hansı töhfəni verib?

— İnsanların çoxunda 20 ildən çoxdur, belə təəssürat var. Əgər xarici dil bilirsənsə, bir az da İT sahəsində səriştən varsa, işlə təmin olunacaqsan. Əgər heç bir xarici dili bilmirsənsə, sənə iş yoxdur. Biz insanlara bunu göstərdik ki, bəli, xarici dili bilmək üstünlükdür, amma yalnız ana dilini bilərək də karyera qurmaq mümkündür. Hər kəs ana dilində danışır, amma kim bəlağətli, bir natiq, lider kimi danışır? Bu sualı biz sanki şüuraltı yeritməyə çalışdıq. Görəsən, bu qabiliyyət məndə də varmı? İnsanlar bu sualı özlərinə verməyə başladılar. Kimi müsbət cavab aldı, kimi də oturub özünə dedi ki, öyrənməyə dəyər. Ana dilində parazit səslər çıxarmadan, parazit söz demədən, yad kəlmələrdən istifadə etmədən, qan tərə batmadan rahat danışmaq mümkündür. Əsas odur ki, yol göstərən olsun, bir də bir az cəhd etmək lazımdır.

— Bu çempionatın Azərbaycan cəmiyyətinə, xüsusən də dil və mədəniyyətin qorunub saxlanmasına təsiri ilə bağlı uzunmüddətli baxışınız necədir?

— Təbliğat maşını hər zaman işə yarayır. Zərdabinin bir sözü var idi, deyirdi ki, əgər su mütəmadi olaraq bir yerə illərlə tökülərsə, daşı belə deşə bilər. Təkcə çempionat zamanı deyil, hər zaman biz sosial şəbəkə hesablarımızdan, radio və televiziya kanallarındakı çıxışlarımızdan insanlara səslənirik ki, xoşbəxt olmaq istəyirsinizsə, özünüzü təsdiq edin. Mütləq ki nə isə bacarırsınız. Bu təsdiqin yolu isə danışmaqdan keçir. Deyək ki, siz ağıl küpüsünüz, dünyagörüşünüz genişdir, 7-8 dil bilirsiniz, o ixtisasa dərindən yiyələnmisiniz. Amma bir layihəni əlaqədar şirkətdə təqdim etmək istəyəndə, iki cümləni ard-arda qoya bilmirsinizsə, deyəcəklər ki, əgər qeyri-inandırıcı danışırsa, layihəni necə icra edəcək? Əvvəllər Azərbaycanda diksiya, düzgün danışıq o qədər də populyar deyildi. Əvvəllər yalnız ingilis və rus dilini bildiyi üçün fəxr edən adamlar artıq görürlər ki, dövr o deyil. Bu gün xarici dillərlə yanaşı, ana dilində səlis danışmaq ən ciddi tələblərdən biridir.

— Natiqlik bacarığının iş həyatında önəmli olduğunu dediniz. Çempionata qoşulmaq keçmiş iştirakçıların karyeralarına necə təsir edir?

— Maraqlıdır ki, 2, 3 və 4-cü illərdə keçirilən çempionata daha öncə ələnmiş, heç birinci turdan keçməmiş şəxslər də qoşulublar. Görünən odur ki, onlar keçən illər ərzində müxtəlif üsullardan istifadə edərək öz nitqlərini təkmilləşdiriblər və artıq bu çempionatın ən azından yarımfinalında iştirak etmək haqqı qazanıblar. Bu, bizim gənclərin əzmini göstərir. O insanlar öz üzərlərində işləməyi öyrəndilər, bu isə karyeraları üçün önəmli məqam olur.

Yarışda iştirak edənlərə gəlincə, keçənilki çempionatın qalibi Elza Hacıyeva yarışa qatılanda tələbə idi. Ordakı çıxışını çox bəyəndim, Diksiya Akademiyasında işlə təmin edildi. Eləcə də öz nitqi ilə həm jüriləri, həm auditoriyanı ovsunlayan gənclərin hamısı ilə maraqlandılar, hətta iş təklifi etdilər. 

Ümumilikdə, yüzlərlə gənc bu müsabiqədə iştirak edib, bizimlə öz həyat hekaylərini bölüşüblər. Çempionatdan sonra onların karyeralarında, şəxsi həyatlarında nələr dəyişməsini eşidəndə, qürur duyuram. Hər birinə müsbət toxunuşları olur.

— Maraqlıdır, layihə ilə bağlı gələcəkdə hansı planlarınız var?

— Fevral ayında Beynəlxalq Ana dili günü keçirilir. Düşünürük ki, bundan sonrakı mərhələdə ildə bir dəfə deyil, iki dəfə çempionat keçirək və daha çox insanı əhatə edək. Biri də Beynəlxalq Ana dili günü ərəfəsində olsun.

İlk yorumu siz yazın