Müğənni Elariz Məmmədoğlu maraqlı açıqlama ilə çıxış edib. İfaçı deyib ki, Amerikaya köçəndən sonra həmkarlarının maraq dairəsinə düşüb. O, ölkədə kifayət qədər populyar olan bir çox müğənninin okeanın o tayında yaşamaq üçün ondan kömək istədiyini bildirib.
İfaçının bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri müğənnilərin Azərbaycanda da yaxşı yaşadığını bildirərək buna təəccüb ediblər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmkarlarının yalnız dəbdəbəli həyat sürdüyü ilə bağlı cəmiyyətdə yaranan fikirlərin yanlış olduğunu bildirib:
«Cəmiyyətdə bəziləri düşünür ki, müğənnilər ancaq lüks həyat yaşayır, heç bir problemləri olmur. Bu, belə deyil. Bəzən həmkarlarım kreditlə aldıqları hər şeyi efirlərdə, sosial şəbəkələrdə açıb göstərirlər deyə cəmiyyət elə bilir ki, hamı dəbdəbəli həyat yaşayır. Deməzdim ki, belədir. Onsuz da onların da qazandığı pul havayı pullar deyil, gedib camaatın məclisində, toyunda oxuyub pulu qazanırlar. Bu, hamıya şamil olunmasa da, halal zəhməti, sənəti ilə məclislərdən pul qazananlar çoxdur. Onlar əziyyət çəkir və əziyyətin qarşılığında da qonorarlarını alırlar, heç kim kiməsə havayı pul gətirib vermir.
O ki, qaldı başqa ölkəyə köçüb yaşamaq, bu, heç də asan iş deyil. Allah İslam Rzayevə rəhmət eləsin, mənim müəllimim olub, o, xarici ölkədə başına gələn bir əhvalatı danışırdı, həmin əhvalat bu gün də yadıma düşür. Deməli, İslam Rzayev bir dəfə xarici ölkələrin birində qonaq olub, avtomobil idarə edərkən qayda pozuntusu edib. Həmin dəqiqə polis onu saxlayıb və elə yerindəcə ona xeyli cərimə yazılıb. Qayıdanda deyirdi ki, heç vaxt Azərbaycandan başqa ölkədə yaşamaram. Həmin hadisə Azərbaycanda olsaydı, polis məni görən kimi sənətimə görə hörmət edəcəkdi, cərimə, bal yazmayacaqdı. Həqiqətən də belədir, bizdə sənətə, sənətkara hər zaman hörmət olub, hər kəs sənətçiyə hörmətlə yanaşıb. Bu, əzəldən bəri belə olub. Ona görə sənətçilərin əksəriyyəti onlara nə qədər pul verilsə də, həmin sayğını qoyub başqa ölkədə yaşamaq istəmir. Şəxsən mən özüm həmin hörməti, sayğını heç nə ilə əvəzləyə bilmərəm, bu tamam başqa şeydir. Sənət adamları ruhən incə olur, onlar hər zaman başqalarına qarşı diqqətlə, hörmətlə yanaşır və eyni münasibəti də özlərinə qarşı görmək istəyirlər. Ona görə başqa ölkədə yaşamaq bizim üçün çətindir».
İfaçı heç vaxt xarici ölkəyə köçmək barədə düşünmədiyini açıqlayıb:
«Allah Elarizin də yolunu açıq etsin. Düşünürəm ki, Elariz ən yaxşı vaxtda düzgün addımı atıb.
Mən özüm isə xarici ölkədə daimi yaşamaq istəmərəm. Düşünürəm ki, heç vaxt Azərbaycanı qoyub gedə bilmərəm. Mənim ölkəni tərk etməyim üçün çox ağır bir hadisə olmalıdır ki, burada yaşaya bilməyim və gedim. Ölkəmi tərk etməyi heç vaxt düşünməmişəm, Şuşaya getmək istəyirəm. Gedəcəyim yer ancaq doğma yurdum Şuşadır» .