Ötən günlərdə müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev retro avtomobilini idarə edərkən Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sərxoş vəziyyətdə avtomobili idarə edən sürücü yol polisi əməkdaşlarına müqavimət göstərib. Hadisə yerinə post patrul xidməti cəlb olunub, Ağayev polis bölməsinə aparılıb. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.
Bu hadisə məşhurların ailəsi, övladları ilə bağlı gedən müzakirələri qızışdırıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov belə hadisələrin artmasında xalqın böyük rolu olduğunu deyib:
“Bu məsələdə söhbət məşhurun övladı olub-olmamaqdan getmir, söhbət düzgün qurulan əxlaqdan, tərbiyədən, soydan, kökdən gedir. Bəzən haqqı deyirsən səni qınayırlar. Obyektiv bir söz deyəndə də ona bir qulp qoyurlar. Amma məni qanıma qəltan etsələr də deyəcəyəm. Bu cür hadisələrin baş verməsinin günahı xalqdadır. Hər kəsin bir əxlaq yükü daşıma ölçüsü var. Bu gün millət kimə nə verdiyini, kimə nə münasibət bəslədiyini bilmir. Çünki millətin qibləsi dəyişib, çaşan ördək kimi arxası üstə batırıq. Ona görə mənasız toylar, əxlaqımıza zidd olan hərəkətlər baş alıb gedir. Milli mənəviyatımızı pis günə qoyan toylarda iştirak edən manıslar və manısikalar səhərdən axşama kimi televiziyalardadırlar. Hansı ki, onların nə musiqiyə, nə də oxumağa bir aidiyyatı var. Oxumaq üçün səs vacibdir, amma bu gün əlinə hər mikrofon alan oxuyur. Özü də ağızlarına gələni oxuyurlar. Başa düşmürəm, bu ölkənin bir qayda-qanunu yoxdur ki, bunlar tənzimlənsin? Niyə Azərbaycanda əxlaq polisi, mənəviyyat polisi yoxdur? Televiziyalarda bizi rüsvay edən verilişləri görmürlərmi? Telekanallarda aparıcılar dövlət işini görür. Elə bil bu ölkənin icra strukturu, polisi yoxdur. Problemləri efirdə hansısa “tık-tık xanımlar, tık-tık gədələr” həll edirlər. Xalq da bu proqramlara baxır, sonra deyir o televiziyada oxuyan vardı, onu çağır toya”.
Sənətçi qeyd edib ki, rüşvətxor məmur övladı ilə, mədəniyyəti təmsil edən şəxsin övladı arasında fərq olmalıdır:
“Bir məclisdə ki, içki var, bəylə gəlin ortada burcuda-burcuda tans oynayır, burada hansı mədəniyyətdən, hansı əxlaqdan danışırıq? Bu gün Azərbaycan xalqı evini-eşiyini satır, boğazından kəsir uşağına toy edir, və son puluna həmin manısları məclisə dəvət edir.
Manaf Ağayev yekə kişidir, 60 yaşı var, əgər o öz uşağının öhdəsindən gələ bilmirsə, uşağını idarə edə bilmirsə, onda sənət adamının övladı ilə rüşvətxor məmur övladının arasında nə fərq var? Musiqimizi, mədəniyyətimizi təmsil edən, toylara böyük pullar müqabilində gələn, məclisdə sayılıb-seçilən Manaf Ağayevlə rüşvətxor məmurun övladı eyni əxlaqın daşıyıcısıdırsa, onda bir daha yazıqlar olsun bizə. Sabah nə olacaq?!
Mən həm oxumaqda, həm məclis aparmaqda, həm oynamaqda yüzlərlə Manaf Ağayevin, yüzlərlə manısın qabağına qoz qoyaram, amma bunu özümə sığışdırmıram. Çünki mən ciddi sənətlə, mədəniyyətlə məşğulam. Bu məsələni hara fırlasan, sonu gəlib xalqın üstünə çıxır, xalq dostu ilə düşmənini tanımır. Xalq özünü tanımır, çaşıb, qibləsini itirib”.