Məşhurların ifasını təkrarlamaq olmaz? — «Mahnı muzey əşyası deyil»

Məşhurların ifasını təkrarlamaq olmaz? — «Mahnı muzey əşyası deyil»
Tarix : Oxunma : Yorum Yaz

Bu günlərdə “AynaBand” qrupunun Yalçın Rzazadənin repertuarından oxuduğu “Yoxmuş etibarın” mahnısına sənətçinin oğlu sərt reaksiya verib.

 Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə qrupun mahnını oxumasına etiraz edib və onları məhkəmə ilə hədələyib.

Bəs görəsən, mahnıya yeni nəfəs qatan gənclər niyə bəzən bu cür sərt  etirazlarla qarşılaşırlar?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov korifeylərin ifa etdikləri mahnıları  gənclərin oxumasının tərəfdarı olduğunu bildirib:

“Mən düşünürəm ki, mahnı muzey əşyası deyil. Əgər hər hansı mahnı yaranıbsa, o, oxunmalıdır, çünki hər dövrün öz yanaşma tərzi var. Amma həmin mahnılara da peşəkar yanaşılmalıdır. Gənclər, korifeylərin mahnılarına özlərinəməxsus şəkildə yanaşsınlar, əlbəttə ki, bunu heç kimə qadağan edə bilmərik, sadəcə onu oxumaq xətrinə oxumasınlar, məzmununa xələl gətirməsinlər. Həmin mahnılara peşəkarcasına yanaşmaq lazımdır. Təbii ki, mahnı aranjeman olunmalı, dövrə uyğunlaşdırılmalıdır. Mən də yeniliyin tərəfdarıyam, amma yenə də deyirəm, bu, peşəkar şəkildə olmalıdır, bunu professionallar etməlidir”.

Sənətçi qeyd edib ki, gənclər onun da mahnılarını özlərinəməxsus şəkildə ifa edirlər və bunu normal qarşılayır:

“Mənim də ifalarım var ki, gənclər oxuyurlar. Onları sevə-sevə dinləyirəm. Əvvəla, bu mahnının müəllifi mən deyiləm, onu yazan bəstəkardır, yaxud həmin mahnı xalq mahnısı, təsnifdir. Əlbəttə ki, bəstəkar öz mahnısını kiməsə oxumağı qadağan edə bilər, amma ifaçı özü bunu etmir. Yalçın Rzazadə böyük sənətkar idi, həqiqətən də o oxuduğu mahnıların hamısına öz möhürünü vurmuş sənətkar idi. Hər zaman da xalqın qəlbində böyük sənətkar kimi qalacaq. Mənim yanaşma tərzim budur ki, kimin ürəyi istəyirsə, həmin mahnıları oxuya bilər. Bu muzey malı deyil ki, üstünü basdırıb saxlayasan, toxunulmasın. Mahnılar oxunduqca sevilir. Hər dövrün öz tələbi, hər ifaçının bir nəfəsi var. Amma bir daha qeyd edim ki, bu peşəkar səviyyədə olmalıdır”.

İlk yorumu siz yazın