Son dövrlər dələduzların sayı getdikcə artır. Artıq məşhurların adından da istifadə edib, insanları dolandırmağa başlayıblar.
Sonxeber.az-ın məlumatına görə, budəfəki zərərçəkən məşhur meyxanaçı Tərlan Novxanı olub.
Belə ki, meyxanaçının adından onun dost-tanışına mesaj yazılıb və pul istənilib.
Məsələ ilə bağlı Tərlan Novxanı ilə əlaqə saxladıq. O bildirdi ki, birindən 300, birindən 200, digərindən 100 manat məbləğində pul istəyiblər:
«Hadisə bir gün əvvəl baş verib. İmsak vaxtı dostumun şəkli olan bir profildən mənə mesaj gəldi ki, «mənə təcili 80 manat məbləğində pul lazımdır, amma kart hesabım bloka düşüb, hansısa başqa yolla göndər. Azan verilməsinə az qaldığı üçün mən imsakı çatdırmalı idim, və yalnız kart vasitəsilə göndərə biləcəyimi söylədim. Kartın alınmayacağını dedi və mənim kartımı istədi ki, oradan özü çəksin. Mən də vaxt azlığı olduğuna görə heç nə düşünmədən kartın şəklini ona göndərdim. Kartdan pul çəkəndən sonra mənim tanışlarıma, dostlarıma, sənət yoldaşlarıma yazaraq pul istəməyə başlayıb.
Səhəri gün dostlarım mənə zəng vurdular ki, bəs «sənin nə ehtiyacın var, hamıya «pul lazımdır» deyirsən?»
Məlum olub ki, həmin dələduz birindən 300, birindən 200, digərindən 100 manat məbləğində pul istəyib. Mən də şoka düşdüm ki, bu nə işdir, nə məsələdir?! Zəng etdim banka, həmin dəqiqə kartı bağlatdırdım. Yaxşı ki, çoxu öz şəxsi nömrəmlə yazılmadığına görə inanmayıb, pul göndərməyiblər. Nömrə də xarici nömrə olub. Əksəriyyəti özümə zəng vurub maraqlandı. Şükür Allaha, əsas odur ki, salamatçılıqdır. Bilmirəm, bəlkə də, ehtiyaclı adam olub. Allah insanları düzgün yola gətirsin, bu çirkin işlərdən uzaq olsunlar. Bununla heç kim heç nə əldə edə bilməz».