“Mənim sayəmdə minlərlə insan rahat yata bildi” — Psixoloqdan zəlzələ açıqlaması

“Mənim sayəmdə minlərlə insan rahat yata bildi” — Psixoloqdan zəlzələ açıqlaması
Tarix : Oxunma : Yorum Yaz

«Zəlzələ haqda məlumatı da sosial şəbəkələrdən oxudum. Sonra insanların təşvişini gördüm və bu haqda psixoloq kimi paylaşım etdim. Bu paylaşımdan sonra minlərlə insan rahat yata bildi».

Yenisabah.az xəbər verir ki, bunu psixoloq Aytən Ələkbərova bildirib.

Onun fikrincə, zəlzələ vaxtı insanları qorxu, təşvişə təhrik edən əsas amillərdən biri yuxusuzluqdur:

«Dünənki zəlzələnin insanlarda necə təşviş yaratdığını hamımız müşahidə etdik. Düzü, özüm heç hiss eləmədim. Zəlzələ haqda məlumatı da sosial şəbəkələrdən oxudum. Sonra insanların təşvişini gördüm və bu haqda psixoloq kimi paylaşım etdim. Bu paylaşımdan sonra minlərlə insan rahat yata bildi.

Bir psixoloq kimi üzərimizə düşən vəzifə insanları daha da həyəcanlandırmayacaq, onları ruhən sakitləşdirəcək paylaşımlar etməkdir. İnsanın ruhu enerji mənbəyidir, bu enerji də birbaşa yuxudan gəlir. Yuxu insanı gerçəklikdən ayırır və ertəsi gün üçün onu hazırlayır.

İnsan nə qədər çox yuxusuz, oyaq qalarsa, bir o qədər də təşviş və qorxu içərisində olur. Qorxu təbii hissdir, lakin qorxunu panik vəziyyətə qədər gətirmək olmaz. Psixosomatik olaraq bunu yaratmamalısan. Əgər qorxu davamlı olaraq təlaşa səbəb olursa, bu həmin şəxsin nevrozdan əziyyət çəkdiyinin göstəricisidir. Ona görə də belə vəziyyətlərdə biz, psixoloqlar daha diqqətli olmalıyıq, özümüz də qorxu keçirsək bunu insanlara yansıtmamalıyıq».

A.Ələkbərova qeyd edib ki, belə anlarda psixoloqlar sosial şəbəkələrdə insanları sakitləşdirəcək, onlara psixoloji baxımdan kömək olacaq paylaşımlar etməlidir:

«Dünənki zəlzələ heç bir fəsada, dağıntıya səbəb olmadı və bu, qorxu, təlaşa səbəb olmamalıdır. İnsanlar ilk olaraq bunu dərk edib qorxulu heç nə olmadığını, olmayacağını başa düşməlidir. Bunu dərk edənlər vəsvəsəyə düşmədən rahat evində  istirahət edə bildi. Onlar bu gün səhər rahat şəkildə işlərinə gedə bildilər.

Gecə sosial şəbəkə hesabımda belə bir paylaşım etdim: «Oyaq qalıb həyəcan keçirməkdənsə, rahat yerinizə uzanıb yatın. Ruhunuza enerji lazımdır. Səhər duranda nə olduğunu görəcəyik».

Bu paylaşımım nə qədər insana kömək oldu. Sözügedən paylaşıma qədər onlarla adam sosial şəbəkələrdə mənə yazırdı ki, həyəcan içindəyik, nə edək? Yardım edin.  Bu paylaşım onlara rahatlamağa, psixoloji baxımdan sakitləşməyə kömək oldu və yatdılar.

Səhər gözümü açanda «Aytən xanım, nə yaxşı ki, varsınız» sözünü eşitmək, bu səpkidə mesajları görmək ən böyük motivasiyam oldu».

İlk yorumu siz yazın