Bəzən elə düşünürlər ki, mafiya ancaq narkotik ticarətində, silah alverində və s. olur. Xeyr. Bir çox sahələrdə gözəgörünməz əllər, qruplaşmalar fəaliyyət göstərirlər. Onlar islahatlara mane olur, müsbət dəyişiklikləri sabotaj edir, öz çirkin əməlləri ilə qarşısını almağa çalışır və bir çox hallarda istəklərinə nail olurlar. Təəssüf, belə qruplaşmalar təhsil sahəsində də meydana gəlib və hazırda gənc təhsil naziri Emin Əmrullayevin başlatdığı və həyata keçirmək istədiyi islahatlar məhz həmin çirkli işlərlə məşğul olan, mafiyalaşmış qruplaşmaların maraqlarına toxunur. Ona görə də hər addımını, hər açıqlamasını qaralamağa, nüfuzdan salmağa çalışır, sabotaja cəhd edirlər. Çünki təhsil nazirinin həyata keçirmək istədiyi islahatlar baş tutarsa çox adamların qanunsuz gəlirləri əldən çıxacaq, maraqlarına zərbə dəyəcək. Həmin islahat istiqamətlərindən biri də tələbələrin köçürülməsi məsələsidir ki, uzun illərdir bu sahədə özbaşınalıq hökm sürürdü.
Bu problem mənə yaxşı tanışdır. Hələ ötən əsrin 90-cı illərindən. Təsəvvür edin ki, test üsulu ilə ali məktəbə imtahan verən və balı çatmadığı üçün tarix, filologiya fakültəsinə daxil olan məmur, deputat övladları daxil olduqları fakültədə 1 gün belə oxumadan birbaşa gedib hüquq fakültəsində əyləşir, sonra da 2-ci kursdan “perevod”u rəsmiləşdirirdilər. Bu təbii ki, kasıb vətəndaşların övladlarına aid deyildi, onlar hara daxil olurdularsa oranı da bitirirdilər.
İllər sonra bu “perevod” məsələsi qeyri-rəsmi formadan rəsmi formaya keçirildi. Bu dəfə artıq işlərini qanuni çərçivədə görməyə başladılar. Təsəvvür edin ki, keçmiş TQDK, indiki DİM ilin əvvəlində qəbul planını, ali məktəblərdə boş yerləri açıqlayır, bildirir ki, bu il hər ali məktəbə, hər fakültəyə neçə tələbə qəbul oluna bilər. Camaat da boğazından kəsib uşağını müəllim yanına hazırlığa göndərir ki, oxuyub ali təhsil ala bilsin. Nəticədə nə olur? 5 balı çatmadığına görə abituriyent ya ali məktəbə qəbul ola bilmir, ya da istədiyi fakültəyə düşə bilməyib həmişəlik həvəsdən düşür… Sonradan köçürülmə məqsədi ilə istəmədiyi fakültəyə qəbul olanlar isə o yerin arzusunda olanların qarşısını kəsir…
Köçürülmə planı quranlara isə bu işdə bir çox hallarda qeyri-rəsmi fəaliyyət göstərən, vergidən, sosial ödəmələrdən yayınan və vətəndaşlara yüksək vədlər verib onları aldadan kodlaşdırma mərkəzləri yardım edirlər. Belə ki, abituriyentlər müvafiq balı topladıqdan sonra ixtisas seçimini özləri etməkdənsə sosial şəbəkələrdəki reklamlara aldanıb həmin vergidən yayınan “kodlaşdıran”lara müraciət edirlər. Onlar da kodlaşdırmanı edir, nəticə ürəkaçan olmayanda isə vəd edirlər ki, bəs ildə 2 dəfə köçürmə olur, uşaq 1-ci kursu bitirsin, növbəti ildə kömək edərik, istədiyi fakültəyə köçürülər. Elə də olurdu. Artıq neçə illərdir ki, belə davam edirdi. DİM-ə qəbul planını fərz edək ki, 25 nəfər göstərən ali məktəb və ya fakültə sonradan “bezrazmer” kimi genişlənib əlavə 5 nəfər də köçürmə ilə qəbul edirdi. Halbuki adama sual verərlər, ey ali məktəb rektoru, sənin əgər 30 tələbəyə təhsil vermək imkanın var idisə, onda niyə qəbul planında DİM-ə 25 yer təqdim etmişdin? Kimi aldadırsınız, DİM-in timsalında dövləti, yoxsa xalqı, kasıb təbəqəni? Əgər əvvəldən qəbul planı düzgün göstərilsəydi onda təbii ki, daha qabiliyyətli, istedadlı və bilikli abituriyentlər istədikləri ixtisaslara yiyələnmək imkanı qazanmış olardılar. Deməli, bu köçürmə məsələsi heç də xalqın əksəriyyətinin deyil, kiçik bir qrup işbazların marağındadır. Görünür, elə buna görə də Təhsil Nazirliyi qış tətili dövründə tələbələrin köçürülməsinin dayandırıldığını elan edib. Qeyd olunub ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi və tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.
Hər halda, bu suala da aydınlıq gətirilməlidir: Sonradan həmin köçürülmə olan ali məktəblərdə yerləşdirmə necə aparılır?Axı “Abituriyent” jurnalında həmin ali məktəblərin qəbul planı az göstərilir. Yaxud bir fakültənin müsabiqə balı əgər 650-dirsə, 550 bal toplayan niyə və hansı məntiqlə, hansı prinsiplə qış tətili vaxtında ora köçürülməlidir? Bu imkan varsa bunu elə əvvəldən elan edin ki, qoy hər kəs yararlansın, heç kim heç kimdən üstün deyil və olmamalıdır. Təhsil naziri də yəqin elə bunu düşünüb köçürmə məsələsini hələlik dayandırıb və maraqlı şəxslər ona qarşı “səlib yürüşünə” çıxıb, qaralamağa çalışırlar. Yəqin ona görə ki, vəd verdikləri adamlar da onların yaxalarından yapışıb vədə əməl etməyi tələb edirlər. Ona görə də bu gün cəmiyyət təhsil nazirinin bu qərarına dəstək olmalı, Nazirlər Kabinetinin köçürmələrlə bağlı qərarı yenidən işlənməlidir və ilkin məlumatlara görə dəyişikliklər üzərində iş aparılır.
Xanlar Xoca