“Məclislərə 7, 8, 10 nəfər meyxanaçını yığanda məclisdə onlar arasında dava olacağı labüddür. Mən dəfələrlə demişəm ki, meyxana məclislərində 5 nəfərdən artıq meyxanaçı olmaz. İndi cavanlara da söz demək olmur. Söz deyirsən, 10 qat artıq cavab verirlər”.
Bu sözləri “Yeni Sabah”a tanınmış meyxana ustası Ağamirzə deyib. Qeyd edib ki, buna görə də çox adam hörmətini qorumaq üçün sakit dayanmağa üstünlük verir: «Bizim də səhvlərimiz olub. Amma həyat tələb edir ki, çalışıb səhv etməmək lazımdır. İndi balaca bir səhv edirsən, səhər hamı xəbər tutur. Bizdə də olub. Bunun üçün peşmanlıq da, tövbə də var. Böyük-kiçik olmaq şərtilə, bu sənəti qoruyub saxlamağa çalışmaq lazımdır”.
Ağamirzə meyxananın ciddi sənət sayılıb-sayılmamasına belə reaksiya verib:
“Meyxana sözündəki “mey”bildiyimiz şərabla bağlı deyil. Meyxana sənəti çox böyük bir sənətdir. Məna, məntiq olan yerlərdə meyxana da deyiblər. Bunun min dənə variantı var. Ancaq, bildiyimiz mey deyil”.
“Meyxana dedikdə, insanların yanlış nticə çıxarmaması üçün ilk ağıla gələn nə olmalıdır?” sualına meyxanaçı belə cavab verib:
“Mənalı, məntiqli, dərin söhbətlər olan yerləri meyxanayla bağlayıblar. Mənim də fikrimcə, bu, belədir. Meyxana evləri də var, bu, başqadır. Amma dediyimiz meyxanada mey içilmir”.
İmamət İSMAYILOVA