«Flora Kərimova ilə doğma bibi qızı və dayıoğluyuq. Atam Şuşadandır. Flora xanımın anası Şuşadan, atası Qəbələdədir. İlhamə Quliyeva isə dostum idi».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov «Elgizlə izlə» proqramında deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyevadan bəhs edib:
«İlhamə xanım deyirdi ki, sənin bibin qızı mənəm, Flora yox. Deyirdim ki, yox, dostumsunuz. Flora xanım mənim böyüyümdür. O vaxt İlhamə mənə duet təklif etdi, oxumadım. Dedim ki, Flora Kərimova ilə oxumuşam. İndi də kimsə duet oxumaq istəsə, Firuzə İbadovadan başqası ilə oxumaram».
Proqramda İ.Quliyevanın satdığı evin pulunu C.Məmmədova verməsindən bəhs edilib. İfaçı «Satdığı evin pulunu Cavanşirə vermişdi ki, saxlasın» sözlərinə «Məni çox istəyirdi. İlhamə Quliyevanın satdığı evin pulu iki ay məndə qaldı. Biz iki ay ailəlikcə evdən çölə çıxmadıq. Dedik, birdən ev yanar və ya bir bədbəxt hadisə olar, deyərlər, Cavanşir bilə-bilə etdi ki, pulu verməsin» reaksiyasını verib.