«Biz evlənəndə həyat yoldaşım (red. Ədalət Hacıyev) “Mərkəzi komitə”də çalışırdı. Səhərdən axşama kimi işdə olurdu. 1988-ci ildə Ədalətlə evlənəndə artıq sənətdə idim, universitetdə oxuyurdum. 1985-ci ildə «Bir daha yaşayırıq» mahnısını oxumuşdum və məni artıq hamı tanıyırdı. Elə həmin il də Ədalətlə tanış olmuşduq. Bütün çəkilişlərə onunla bir yerdə gedirdim. Amma səhnə arxasında qalırdı. Rejissorları, aparıcıları tanıyırdı. Ona sual verirdilər ki, «Həyat yoldaşın səhnə insanıdır. Necə olacaq sizin bu münasibətləriniz?» Ədalətdə cavab verirdi ki, «Həkim olsaydı, növbədə onunla otura bilməyəcəkdim. Yaxşı ki, sənət insanıdır. Yanında rahat gedə bilirəm». Ədalət hər zaman səhnə arxasında olub, ağır insandır”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova «El canlı» verilişində qonaq olarkən deyib.
İfaçı bildirib ki, universitet illərində o, həyat yoldaşını qısqandığına görə özünü öldürmək istəyib:
«Vaxt var idi, Ədalətə görə özümü öldürmək istəmişəm. Universitetdə oxuduğum zaman rəfiqəm dedi ki, özünü qanla öldürmə, sənə dərman verəcəyəm onu iç. Dörd ədəd qara dərman verdilər mənə. Düşündüm ki, qara rəngdədirsə, 100 faiz məni bu dərmanlar öldürəcək. Nənəm qorxar deyə, evdə etmədim. Əyləşdim avtomobildə, fikirləşdim ki, özümü burada öldürüm. Bu dərmanları içdim amma gördüm ki, ölmürəm. Bir-iki saatdan sonra gedib soruşuram ki, «Bu nə dərmandır mənə vermisiniz?» Cavab verdilər ki, həzm üçün dərmandır. Ədaləti bir qızla görmüşdüm. Dedim ki, özümü öldürəcəyəm. O da mənə gülüb demişdi ki, “Dəlisən, məndən xahiş etmişdilər ki, qonşumuzun qızıdır, bir yer var, oraya aparım». Onları birlikdə maşında görmüşdüm».
Qeyd edək ki, Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur. Onların Cahad adlı bir oğlu var.