«Burda vəziyyət yaxşıdır. Hər şey yoluyla gedir. Allah hamının ruzisini versin».
Yenisabah.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında hazırda Moskvada yaşayan müğənni Fədayə Laçın deyib.
Müğənni «həmkarlarınız Azərbaycanda «qan ağlayır», Rusiya toylarında iştirak edə bilmədiklərini və ziyan etdiklərini deyirlər» sualına isə belə cavab verib:
«Allah köməkləri olsun. Ruzini verən Allahdır. Nə bilim vallah, mən ziyanda-filan deyiləm. Yolların bağlanmağının müğənniyə nə dəxli var ki, ziyana da düşsün. Aeroportda «haqq» filan alırlar ki? (Gülür) Heç kimin toyunu, pulunu saymıram ki, ziyanlarından da xəbərim olsun».
Müğənni duet ortağı Tacir Şahmalıoğluyla bütün olanlara baxmayaraq, yenə də məclislərdə duet oxuduqlarını və bunu tamaşaçıların da nəzərə almasını istəyib:
«Tacirlə yeni mahnı lentə aldırmaq kimi bir fikrimiz yoxdur. O ki qaldı duet oxumağımıza, toylarda görürsünüz ki, biz istəsək də, istəməsək də oxumalı oluruq. Çünki insanlar, musiqisevərlər bunu istəyirlər və toylarına, xeyir işlərinə dəvət edirlər. Niyə oxumayaq ki, oxuyuruq. İnsanlar bəzən sənətlə, şəxsiyyəti qarışdırırlar. Məsələn, mənim və ya Tacirin hansısa hansısa xüsusiyyətimizə və yaxud səhvimizə görə bizi sevməyən ola bilər. Amma əgər söhbət sənətdən gedirsə, öz aramızdır, bu duet duetdir, bu səs səsdir, bu oxumaq oxumaqdır, bu sənətdir. Yəni izləyicilərimdən xahiş edirəm ki, sırf sənətə qiymət versinlər. Təkcə bizim yox, elə hamının sənətinə qiymət versinlər. Pisdirsə, pis, yaxşıdırsa, yaxşı desinlər».