Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 16-da saat 17:00-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların və kinosevərlərin iştirak edəcəyi tədbirdə Elxan Qasımov haqqında videoçarx nümayiş olunacaq, sənət yoldaşları onun həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcəklər.
Qeyd edək ki, 1945-ci ildə Naxçıvanda anadan olan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Əhməd haradadır?” bədii filmində sürücü Əhməd obrazı ilə tamaşaçıların sevgisini qazanan sənətkar “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “İnsan məskən salır”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Otel otağı” və s. bədii filmlərdə aktyor kimi yaddaqalan obrazlar yaratmış, “Köhnə bərə”, “Nizami Gəncəvi”, “Müstəqilliyin keşiyində”, “Uçurum üzərində cığır”, “Biz qayıdacağıq”, “Böyük anda sadiqik”, “Ürək yaddaşı”, “Qocalar, qocalar” və digər bədii və sənədli filmlərin rejissoru olub. Əməkdar artist 2023-cü il mayın 29-da Bakıda vəfat edib.