“Bizim də pəncərəni, partanı sındırdığımız, lövhəni qırdığımız vaxtlar olub. 10-11-ci siniflərdə, oğlanların “oyandığı” dövrlərdə belə şeylər olurdu. Biz də dalaşırdıq, döyürdük, döyülürdük, amma paylaşılmırdı, olub keçirdi…”
Bu sözləri Yenisabah.az-a tanınmış aktyor Elməddin Cəfərov deyib. Son günlər məktəblilərin davranışları ilə bağlı yayılan videolara münasibət bildirən sənətçi hər zaman belə halların olduğunu qeyd edib:
“Bilirsiniz, məktəblilər barədə bu görüntülərin yayılmasında iki cür durum var. Birincisi, uşaqların məktəbdə dəcəlliyi həmişə olub. Bizim də vaxtımızda bu cür hallar yaşanıb, sadəcə olaraq o vaxt telefon olmayıb, heç kəs çəkib paylaşmayıb, hadisələr ictimailəşməyib.
İkincisi, müəllimlə valideyn arasında olan münasibətdir. Şagird səhv bir şey etdikdə müəllim onu vuran kimi çəkib paylaşırlar. Başlayırlar müəllimi tənqid atəşinə tutmağa ki, şagirdi niyə vurursan?! “Vurma, qoy pozulsun, özümüz bilərik” deyirlər. Sonra da bu cür hadisələr baş verəndə deyirlər ki, niyə müəllim bunun qabağını almırdı? Bu problemlərin başında sosiallaşma dayanır. Biz sosiallaşmağı bacarmırıq. Bu həmişə olub, uşaq dalaşar da, barışar da, müəllim uşağı vurar da. Mən qüsurlu uşaqları müəllimin vurmasının tərəfdarı deyiləm, bunu sərt qınayıram. Söhbət sinifdən gedir. Sən partanı sındırırsansa, müəllim də əlinin üstünə xətkeşlə vurursa, çıxıb müəllimi qınayırıq, onu boykot edirik. Sonra həmin uşaq sinif yoldaşını döyəndə bu dəfə də şagirdi boykot edirik”.
41 yaşlı aktyor öz məktəb illərini, müəllimlərini də xatırlayıb. O, vaxtilə müəllimlərinin onları vurduğunu etiraf edib:
“Bəzi insanlar bu hadisələrin artmasını məktəblərdə kişi müəllimlərin az olması ilə əlaqələndirir. Bu fikirlə razı deyiləm. Mənim məktəbdə qadın müəllimlərim vardı, bizi elə döyürdülər ki, heç kişi müəllimləri axtarmırdıq. Qorxumuzdan onların dərsini elə oxuyurduq, elə ağıllı otururduq ki, gəl görəsən! Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Mən müəllimləri qadın-kişiyə görə bölməyin əleyhinəyəm. Əksinə, hər biri dəyərlidir. Sadəcə bu bizim özümüzün müəllimlərə təzyiqidir ki, bumeranq kimi özümüzə geri dönür. Biz bəzən bunu hesablamırıq. Başqalarını tənqid edirik, amma söhbət özümüzə gələndə susuruq. Bəzi şeyləri düz dərk etmirik, sosiallaşa bilmirik. Eşidirik ki, Avropada belədir, götürüb onun ən pis formasını özümüzdə tətbiq edirik. Niyə beləyik bilmirəm…”