Daxili İşlər Nazirliyi Əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşımına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-a bildirib ki, B.Bağırzadənin hansısa mövzuya yanaşması sənətlə əlaqəlidir.
“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır” — deyə, E.Hacıyev vurğulayıb.
Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Bir neçə gün əvvəl isə bu cür videosu yayılan Samid Bağırov adlı şəxs və bayraqla maşınını təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü olub. «Gelandewagen» sürücüsü Samid isə aztəminatlı şəxsləri təhqir edib.