“Deyirlər ki, bacarırsan yaşa, bacarmırsan öl!” — Müğənni bahalıqdan gileyləndi

“Deyirlər ki, bacarırsan yaşa, bacarmırsan öl!” — Müğənni bahalıqdan gileyləndi
Tarix : Oxunma : Yorum Yaz

Şou

“Müğənni olsam da hər zaman bazara, marketə özüm gedirəm. Hər şeyin qiyməti artıb, süni bahalaşma baş alıb gedir…”

Bu sözləri Yenisabah.az-a “Pişik” Günel ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova deyib.

Qiymət artımından gileylənən sənətçi bahalaşmanı son vaxtlar bütün məhsullarda müşahidə etdiyini bildirib:

 “Bəzən günahı kəndlinin üzərinə atırlar, amma bu belə deyil. Kəndli nə etsin? Kəndli əkir, becərir, bütün gün tarlada, bağda günün altında işləyir, axırda da kilosu 15-20 qəpikdən alma, gavalı satır. Alanlar da 20 qəpiyə aldıqları məhsulu gətirib Bakıda kilosu 2-3 manatdan satırlar. Kəndli yazıq nə etsin?

Hər şey bahalaşıb, marketdə satılan elə bir məhsul yoxdur ki, onda qiymət artımı müşahidə edilməsin, belə olmaz axı. Bazarlığa gedirsən çox şeyi almamış çıxırsan. Əminəm ki, hər bir vətəndaş bu bahalaşmanın fərqindədir, sadəcə atalar məsəlində deyildiyi kimi, palaza bürünüb ellə sürünürlər. Deyirlər ki, bacarırsan yaşa, bacarmırsan öl! Bu düzgün deyil. Elə ailələr var ki, 300-400 manat maaş alırlar nə etsinlər? Mən özüm müğənniyəm, yaxşı da pul qazanıram, amma bəzən mənim belə bazarlığa gedəndə çətinliyim olur, çünki hər şey bahalaşıb. Yazıq vətəndaş maaşı ilə hansı birini çatdırsın, kommunal xərcləri ödəsin, bazarlıq etsin ya digər vacib xərclərini ödəsin?!”

Müğənni hətta dövlət məktəblərində belə bəzi dərslikləri öz hesabına almalı olduğunu qeyd edib:

“Bahalaşma həyatımızın hər yerində var, adicə məktəblərə nəzər salın, guya uşaqlar dövlət məktəbində oxuyurlar, amma kitabları pulla özün almalı olursan. Məsələn, mənim qızım dövlət məktəblərindən birində oxuyur, kitabxana 3-4 dərsliyi verir, qalanlarını isə özün almalısan. Onun təkcə dərslikləri 50 manat tutdu, hələ dəftər, qələmi demirəm… Axı bunun kasıbı da var, o necə kitaba 50 manat versin? Ev tapşırıqları da həmin kitablardan verilir. İndi nə edək kasıbın balası kitab ala bilmir deyə savadsız olmalıdır? Kasıb uşağını məktəbə qoymasın?! Biz düşündük ki, yeni təyin olunan təhsil naziri nələrsə edər, vəziyyət düzələr, amma əksinə oldu. Qızım 3-cü sinifdə oxuyur, onun nə az, nə çox düz 5 dənə riyaziyyat kitabı var. 3-cü sinif uşağı bu qədər kitabı nə edəcək, riyaziyyatçımı olacaq?! Uşaqlar da kitablara baxır, iyrənir, psixoloji təsir edir və oxumaq istəmir. Bu qədər kitab olar? Eyni vaxtda həm rus dili, həm Azərbaycan dili, həm ingilis dili keçirlər. Şagirdlər oxumaqdan iyrənir. O qədər kitabı görən böyüklərin belə başı gicəllənir, o ki, qaldı məktəbli uşaq.  Bu heç düzgün deyil”.

İlk yorumu siz yazın