Tanınmış vəkil, ictimai xadim Aslan İsmayılov Milli Mətbuat günü ilə bağlı fikirlərini öz Feysbuk hesabında izləyiciləri ilə bölüşüb. Yenilik.az xəbər verir ki, A.İsmayılov öz təəssüf hissini gizlədə bilməyib. O qeyd edib ki, «Mətbuatın ölkəmiz üçün əhəmiyyətini çox yaxşı bilsəm də bu gün Mətbuat günü olmasına baxmayaraq heç nə yazmaq fikrində deyildim, ona görə ki, onun bu günkü rəzil durumunu çox yaxşı bilirəm. Bu gün Şuşadan olan paylaşımlar isə məni diksindirdi.
Əminəm ki, imkanları olsa bu gün kimlərin Şuşaya getdiyini görən rəhmətliklər — Həsən bəy Zərdabi, Şirməmməd Hüseynov, Nəcəf Nəcəfov və bu yolda can qoymuş digərləri qəbirdən qalxıb bütün dünyaya səs salan fəryad qoparardılar ki, niyə o müqəddəs torpaqları murdarlayırsınız?! Bir neçə nəfəri çıxmaqla ölkədə nə qədər şərəf, ləyaqətin nə olduğunu bilməyən reket jurnalist vardısa hamısı bu gün Şuşadan poz verirdi. Əli Həsənovun əlindən yal alanların hamısı bu gün tam tərkibdə Şuşada idilər.
Şuşada olmağı haqq edən Mehman Əliyevi, Azər Rəşidoğlunu, Vidadi Məmmədovu, Kamran Mahmudovu, Cəmil Məmmədlini, Pərviz Cəbraili və digərlərini orada görmədim. Mən hələ müxalifət düşərgəsində təmsil olunan sözə, qələmə sadiq olanları demirəm.
Yazıq Azərbaycan…»
Yenilik.az: Həqəqiqətən də çox üzücü və təəssüf doğuran kadrlar var idi. Allah şəhidlərimizə rəhmət eləsin…