Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2022-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.
Dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının 17 Davamlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən bu reytinqdə Azərbaycanın da bir neçə universiteti yer alıb. Sevindirici haldır ki, reytinqə ölkəmizdən 6 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti, UNEC, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti) var.
Mövzunu şərh edən tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov qeyd edib ki, dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il 1406 ali təhsil ocağı reytinqə daxil edilib: “Bu reytinqə daxil edilən universitetlərin sayı artıb. Ötən il 1240 ali təhsil ocağının qiymətləndirilməsi aparılmışdı. Ölkəmizdən də iki universitet reytinqdə 601+ ən yaxşı universitet arasında düşə bilib”.
Şahlar Əsgərov bildirib ki, BMT-nin bu 17 istiqaməti üzrə universitetlərin fəaliyyətinin qiymətləndirilməsi bütünlükdə dünyanın inkişafında təhsilin və təhsil ocaqlarının praktik rolundan irəli gəlir. Bu istiqamətlər üzrə düzgün strategiya və addımlar universitetlərimizin nəinki ölkəmizi, planeti qayğılandıran problemlərin həllində iştirakını, rolunu artırır.
Professor qeyd edib ki, son illərdə xüsusilə iki universitetimizin – Qərbi Kaspi Universiteti və Xəzər Universitetinin çevik, yeni çağırışlara adekvat addımlar atması, təhsil proqramlarını qabaqcıl təcrübəyə uyğunlaşdırması, eləcə də infrastrukturunu, maddi-texniki bazalarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaları sevindiricidir və bu cür beynəlxalq reytinqlərdə əldə olunan sıçrayışı da bu baxımdan təbii qarşılamaq olar: “İki universitetimiz dünyanın ən yaxşı universitetləri ilə — məsələn, ABŞ-ın Rovan Universiteti, Alyaska Fairbanks Universiteti, Oreqon Dövlət Universiteti, İtaliyanın Parma Universiteti, Norveçin Stavanger Universiteti, Polşanın Varşava Universiteti və s. kimi universitetlərlə eyni sırada (601+) yer alıb. Xəzər və Qərbi Kaspi Universitetin qabaqladığı universitetlər arasında da kifayət qədər nüfuzlu universitetlər var. Onlardan da bir neçəsənin adını çəkə bilərəm, məsələn: ABŞ-ın Huntsville, Alabama, Roçester Texnologiya Universitetləri, Böyük Britaniyanın Bornmut İncəsənət Universiteti, Fransanın Panteon-Sorbon Universiteti, Polşanın Adam Mickiewicz Universiteti və s. Reytinqdə eyni yerdə qərarlaşan universitetlərin sıralaması əlifba sırası ilə aparılır. Yəni 601-dən 800-ə qədər olan yerlərdə olan universitetlərin göstəriciləri eynidir, sadəcə, sıralama üçün hansısa prinsip olmalıdır, təşkilat da ən optimal metoda — əlifba sıralamasına müraciət edib”.