“Azərbaycanda telekanal var ki, başdan-ayağa biabırçılıqdan ibarətdir” – Afaq Bəşirqızı 

“Azərbaycanda telekanal var ki, başdan-ayağa biabırçılıqdan ibarətdir” – Afaq Bəşirqızı 
Tarix : Oxunma : Yorum Yaz

“Hazırda televiziyalarımızda olan problem qlobal bir problemdir. Onsuz da mənim TV-lərə tez-tez çıxmaq kimi bir xasiyyətim yoxdur, lakin kanallarımızın bugünkü durumu çox böyük bir problemdir. Ona görə də mənə elə gəlir ki, bu məsələ bir müsahibə ilə həll olunası deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.

Uzun müddətdir mavi ekranlarda görünməyən sənətçi son dövrlər Azərbaycan televiziyasında baş verən hadisələri biabırçılıq adlandırıb:

“Televiziyalarımız yaşadığımız dövrə həddindən ziyadə öz pis təsirini göstərir. Kanal var ki, “lal”dır, kanal da var ki, başdan-ayağa biabırçılıqdan ibarətdir. Ona görə də bu problemi mən, yaxud filankəs həll edə bilməz. Əvvəllər Bədii Şuralar, kanalların vəziyyətinə nəzarət edən çox ciddi orqanlar var idi. İndi isə görürəm ki, hər şey başlı-başına qoyulub”.

“Maraqlıdır, kanal, sadəcə, reklam xatirinə, yaxud tanışlıq xatirinəmi işləyir? Axı bu biabırçılıqdır? Elə kanallar var ki, adam səs-küydən kanalı dəyişir. Mənim müsahibəm kanallara qarşı olan qıcığı bir az da olsa, artıracaq, amma yenə də bu, problemin həllinə kömək etmir. Əksinə, bununla çox ciddi məşğul olmaq lazımdır, çünki bunun təbili çoxdandır ki, çalınır. Lakin çox təəssüflər olsun ki, fikir verən yoxdur”, – deyə o, əlavə edib.

Afaq Bəşirqızı kanalların bununla bağlı siyasətinə də toxunub:

“Kanallar da bar-bar bağırırlar ki, biz kanalı yaşatmalıyıq. Bizim işçilərimiz var, sabah kanalı bağlasanız, onlar işsiz qalacaqlar, ona görə də camaatı çörəkpulundan etməyin. Amma belə də çörəkpulu olmaz axı?!

Mən xalqı da qınamıram. Nə etsinlər? Başqa kanala çevirirsən, onlar da fərli deyillər. Amma çevirənə qədər sən bu kanalları keçməlisən, qeyri-ixtiyarı görürsən, diqqəti cəlb edir və ürək ağrısı ilə 2-3 saniyə də olsa, dayanıb baxırsan ki, görüm, bunlar nə edirlər?”

Müsahibimiz onu da söyləyib ki, bu dəqiqə hər şeyi, o cümlədən kanallarımızı mühakimə etmək çox asandır:

“Lakin bunun çarəsini tapmaq, birlik olmaq, yığılmaq, dövlətin dəstəyi ilə hansısa bir təşkilat yaratmaq da lazımdır. Bütün bu olanların ən böyük zərbəsi mədəniyyət sahəsinə dəyir. Çünki mədəniyyət sahəsinin atributları bütün verilişlərdə istifadə olunur. Musiqisi, müğənnisi, rəqsi, heç nə olmasa da, hansısa bəstəkarın əsərinin leytmotivləri gedir. Yəni bunun ən primitiv halda belə mədəniyyətlə əlaqəsi var. Amma ən böyük zərbə də bu sahəyə dəyir və ən çox da qınanılan, müzakirəyə çıxarılan və tənqid olunan sahə də televiziya sahəsidir”.

İlk yorumu siz yazın