“Azərbaycan kişilərinin əksəriyyəti qadını pulla ələ almağa çalışır“

“Azərbaycan kişilərinin əksəriyyəti qadını pulla ələ almağa çalışır“
Tarix : Oxunma : Yorum Yaz

Günlərdir  «Miss Azərbaycan-2017″nin qalibi, model və aparıcı Razi Əliyevanın evli sevgilisi tərəfində döyülməsi xəbəri gündəmi zəbt edib. Məlum olub ki, iş adamı olan Ziya vaxtilə sevgilisinə 230 min manatlıq maşın, bahalı zinyət əşyaları alıb, onu müxtəlif ölkələrə istirahətə aparıb. 

Bəs görəsən, azərbaycanlı iş adamları niyə ölkədə mədəniyyətə, ədəbiyyata yaxud kasıblara yardım etməkdə maraqlı deyillər? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Seyran Səxavət bunun bir neçə səbəbi olduğunu bildirib:

«Bu gün Tağıyevlər, Nağıyevlər, Muxtarovlar, Dadaşovlar yetişmir, çünki onlar halallıqla milyonçu olmuşdular. Halallıq elə bir şeydir ki, o həm də xasiyyətə diktə edir və bu zaman onlar mədəniyyətə də, ədəbiyyata da kömək edirlər, kasıba əl də tuturlar, tələbələrə yardım edib qız məktəbi də açırlar. Birinci səbəb məhz halallıqla bağlıdır. 

İkincisi, Azərbaycan kişilərinin böyük əksəriyyəti hansısa qadınla ünsiyyət qurmaq istəyəndə ancaq var-dövlət, pul hesabına onu ələ almağa çalışır. Əslində isə bu çox saxta bir şeydir və sonu günlərdir mətbuatı zəbt edən hadisə kimi bitir. Əgər bu münasibət saxta olmasa, ortada sevgi, hörmət olsa, heç vaxt bu cür sonluq peyda olmaz. Hansısa qadın sənin xoşuna gəlirsə, vacib deyil ki, sən ona ev, maşın, qır-qızıl alasan. Vacib olan odur ki, həmin xanımın sənin özündən xoşu gəlsin, mal-dövlətindən, pulundan yox». 

Yazıçının sözlərinə görə, bu cür halların baş verməsinin əsas səbəbi milli şüurun aşağı olmasıdır:

«Üçüncü səbəb isə birinci və ikinci səbəblərin doğmasının təməlidir. Bu hadisələr özbaşına meydana çıxmır. Əsas səbəb milli şüurla, kişilərin özgüvəninin olmaması ilə bağlıdır. Onlar düşünür ki, bu qadın məni istəməz və onu pulla ələ almalıyam. Amma anlamaq lazımdır ki, qadın səni yox, məhz pulu sevir, sən isə ortada mənəvi cəhətdən avaranın biri olaraq qalırsan. 

Bütün bunlar göstərir ki, bizim milli şüurumuz sıfırdan bir balaca aşağıdır. Mən dəfələrlə demişəm ki, milli şüurun aşağı olması təhsil sisteminin paralic olması ilə bağlıdır. Çünki milli şüuru doğan, onu bəsləyən, süd verən, böyüdən, cilalayan təhsildir. Təhsil olmadıqda milli şüur heç vaxt olmayacaq, milli şüur olmadıqda da bu cür kişilər natamam olacaq, özünə güvənməyəcək və qanmayacaqlar ki, qadın səni sevmir, pulunu sevir və hər an sənə xəyanət etməyə hazırdır. Bu cür qadınlar hər an səni qatil olmaq səviyyəsinə gətirib çıxara biləcək varlığa çevrilə bilər. Bunların kökündə isə yenə deyirəm, milli şüur dayanır. Bu faciələr olub, bundan sonra da olacaq.

Mən bir kişi olaraq deyə bilərəm ki, xoşuna gələn qadını pulla fəth etmək əslində kişi üçün böyük alçaqlıqdır.

Bu gün qadınların da böyük hissəsi ağıllı, həssas kişilərə o qədər də maraqlı deyillər. Onlar imkanlı kişilərlə maraqlanırlar. Bu Azərbaycan kişisi və xanımı arasında qarşılıqlıdır. Allah kişilərimizə də, qadınlarımıza da kömək olsun. Dünyanın ən bədbəxt kişi təbəqəsi Azərbaycandadır. Hər şeyi pul diktə edir, ona görə heç bir sevgidən və insanlıqdan söhbət belə gedə bilməz».

İlk yorumu siz yazın