2003-cü ildə Azərbaycan siyasətinin göbəyində şotland balladası qədər mədəni olmayan, zehni çılpaq və mənəviyyatı çatlanmış rəqslər hərəkətə gələcəkdi. Ağzından süd iyi gələn 12 yaşlı müstəqil Azərbaycanın siyasi səhnəsi fenomen rəqqasələr üçün peşəkar və yırtıcı kluba çevriləcəkdi.
Elə həmin il oktyabr ayının 11-də İlham Əliyev haqqında “Heydər Əliyevin oğlu məhz belə tanınmalıydı – qumarbaz, əyyaş, qadın düşkünü, pleyboy…” yazan Aynur Camalqızı cəmi iki il sonra Milli Məclisin deputatı olacaqdı. Qəzet künclərindən parlamentə transfer olunan siyasi və instrumental rəqqasəni akademik şəklə salmaq lazım idi.
Lənətə gəlmiş kişi rəqqasələri demirəm, Allah heç bir qadını bu cür çılpaq rəqsə sövq etməsin – Heydər Əliyevin vəfatı ilə bağlı “…Torpaq da üsyan edir, məni mundarlamayın deyir” sözlərini məqaləsinin ən incə yerinə xüsusi şriftlərlə qeyd edən A.Camalqızı illər sonra Şuşada İlham Əliyevin ayaqları dəyən torpağı öpmək üçün onun qarşısında ağ, nazik barmaqlarını, ayaqlarını bir-birinə kipləşdirib məsum və məzlum görkəm alacaqdı. Bu məlum Camalqızı!
Və… 2015-ci ildə Prezident ona “Əməkdar jurnalist” adını verəcəkdi, böyük media holdinqə sahiblənəcək, bahalı maşınlar sürəcək və dəbdəbəli villalarda yaşayacaqdı.
A.Camalqızı İlham Əliyev haqqında “… dədənin meyiti ortada, oğul prezidentlik iddiasında! Bu hansı əxlaqın, hansı mənəviyyatın göstəricisidir, Tanrım?” yazanda nütfə qoxuyan paytaxtın ən nəmli divarları arasında kirayədə yaşayırdı. Aynur, indi İlham Əliyevin siyasi əxlaqına palaz-palaz namələr qoşub təriflər yazırsan. Görəsən, İlham Əliyev nəyi sübut edib ki, vaxtilə onu, atasını, övladlarını təhqir edən adamlar indi onu tərif etməklə məşğuldurlar!? Bu ölkədə holdinq, dəbdəbəli həyat şəraiti qazanmaq üçün mütləq şəkildə söyüşcül müxalifətçi olmalısan?
Mən inanmıram ki, İlham Əliyev kimi prinsipal adam onu, atasını, ailə üzvlərini təqhir edən bir adama “Əməkdar jurnalist” adı versin, onu tədbirlərin, təltiflərin başına keçirsin, holdinq sahibi eləsin… Prezident səni tanımır, ya da səni ona düz tanıtmayıblar. Əgər Prezidentə desəydilər ki, sənin atanın nəşini söyən, səni pelyboy adlandıran bir adamı deputat, holdinq sahibi edirik, o, buna razılaşmazdı. Sadəcə Prezidentə belə deyiblər: “Aynur radikal müxalifətçi idi, “verbovka” elədik…”.
Biz Misir piramidası deyilik, möcüzəlik bir halımız, dişə vurulası adamlığımız da yoxdur. Heç olmasa, mənəviyyatsızlığı da düz etməyi bacarmalıyıq. Camalqızı 20 il əvvəl də döyüşürdü, imtiyazlar, pul, bahalı həyat və mandat üçün, bu gün də döyüşür həmin nəsnələr üçün…
Nə baş verib axı… Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bunun təşkilatına pul ayırmayıb və 20-25 manatlıq qrantı başqalarına veriblər. Bilənlər bilir ki, vaxtilə QHT sektorunu davamlı şəkildə təqnid edən jurnalistlərdən olmuşam. İndi də kimin nə qədər pul alıb-almaması məni maraqlandırmır. Məni düşündürən A.Camalqızının timsah iştahının yırtıcı və təmkinsiz ölçüləridir. Bir neçə ay bundan əvvəl 3 min manata görə də Media İnkişaf Agentliyini nişangahının ucuna keçirmişdi.
– Mediada ən böyük pulu Camalqızına verin!
– QHT sektorunda ən böyük qrantı Camalqızına ayırın!
Doyuzdurun bu adamı, cənablar!
Amma adam özbaşına da deyil, əslində bu bir qrant, pul davası da deyil. Onun etirazlarının altyapısına işıq salın! Görün bu adam kimlərin kurasiyasına girmək üçün indi kimlərə xəyanət edir…
Bu ölkədə iri çaplı məmurlardan başqa kim 90 AA 816 dövlət qeydiyyat nişanlı, 225 min dollarlıq “Mercedes”də gəzir!? Kimin Badamdarda şüşəli liftləri çöldə yerləşən bahalı villası var!? Bunlar sənindir axı, Aynur!
– Şuşa əndrabadi oyunlar üçün media cameəsi deyil!
– Şuşa siyasi rəqassəlik üçün sonuncu səhnə də deyil!
– Şuşa nə qədər bərpa olunsa da, qan və həsrət qoxuyan bir şəhər kimi şəhid analarının alın yazısıdır!
Guya müsabiqədə başqası yox, sən udsaydın, nə edəcəkdin? Eyniadlı layihəni sənə versəydilər, Şuşa divarlarına rəqs edə-edə dırmaşacaqdın!? Olmadı da! İşıq yoxdur.
Günəş yoxdur, balaca bir bacamız var, nəfsinizi boğun, imkan verin, o bacanadan ölməmək üçün nəfəsi də sələmlə alaq da! Əvvəl Prezidenti “vururdun”, indi “Prezident yanındakı” qurumları… Bu nə rəzalətdir, sən Allah…
Haqlısan, Aynur! Şuşa yağışında islanmaq möhtəşəm hissdir! Amma Şuşanın pul yağışına düşmək üçün aparılan mücadilə də bir o qədər axmaq hissdir!
Müəllif: Samir Feyruzov
Busaat.az