Bu gün “Qaynarinfo” Xəbər saytının baş redaktoru Zahir Əzəmət “Mediamızı necə xilas edək?” adlı problem və suallarla dolu yazı ilə çıxış edib.
Yazıda problemlər göstərilib, dünya təcrübəsindən nümunələr təqdim edilib, ölkəmizdəki medianın durumu ümumi şəkildə təsvir olunub və açıq suallarla materialı yekunlaşdırıb.
Yazıdan belə anlaşılır ki, dostumuz bu bataqlıqdan öz gücü hesabına xilas olmaq üçün çaba göstərir. Hər kəsin bir-birini batırmağa çalışdığı bu gəmidə toplu olaraq sağ qalmaq mümkünsüzdür.
Biz təkcə bir-birimizi batırmırıq, elə özümüz də hər gün öz gövdəmizə balta vurmaqla məşğuluq. Media ola bilmirik. Kənar qüvvələrin, səlahiyyətlilərin illərlə Azərbaycanın mediasını zəlil günə salmaq çabaları bir yana, özümüz də bu “zirvəyə” çatmaq üçün gecə-gündüz fəaliyyət göstərmişik. Medianı gözdən salmışıq.
İndi yazdıqlarımıza heç kim inanmır. Bəzən özümüz də öz yazdıqlarımızın həqiqətəuyğun olmadığını adımız kimi bilirik. Qonşudan qalma dala prinsipi ilə kim nə qədər oxucu aldadacaq yarışı başlayıb. Finiş isə görünmür. İnternet istifadəçilərinin sayı sürətlə artır, xəbər saytlarının oxucularının sayı sürətlə azalır. Xəbər daha heç kimi cəlb etmir. Monoton başlıqlar, aldadıcı tryuklar, şok ifadələr heç kimin tükünü də
tərpətmir.
Zahir Əzəmətin yazıda qoyduğu sualları düşünən zaman əməkdaşımız Əsmətxanım Rzazadə hansısa saytdan xəbər başlığı oxudu: “Aynişan ondan küsdü: Sən tərbiyəsizsən!”.
Məlum olur ki, məşhur Əməkdar artistin qızı Aynişan itindən küsüb. Bunu da saytlardan biri xəbər edib.
Bizim oxucunu qınamaq haqqımız yoxdur. Eyni zamanda bu bataqlıqdan toplu olaraq xilasımız da mümkünsüzdür. Biz dalana dirənmişik!..