«Uşaqlıqdan atama qəlbən, ruhən küsmüş biriyəm. Amma uğurumu bütünlüklə atama borcluyam. Çünki öz ayağımın üstündə dayanma səbəbim, sadəcə atamın məni bircə dəfə qucaqlayıb «Səni çox istəyirəm, qızım. Yaxşı ki, sən mənim qızımsan” deməyi olub. O heç zaman mənə nəvaziş göstərməyib. Atam olub, amma olmayıb. Atalıq nədir ancaq anamda görmüşəm».
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova «Qapqara» proqramına müsahibəsində deyib. Atasından danışan sənətçi ondan gileylənib:
«Amma son iki ildir ki, atamı bağışlamışam. Ona haqq verməyə başlamışam ki, o niyə məni heç zaman sevməyib. Heç sevməyib, dəstək olmayıb. Heç zaman arxamda dayanmayıb. Ondan sanki o sevgini «dilənmişəm». Aktrisa kimi qazandığım bu uğurları onun üçün etmişəm ki, o, görsün. Əslində, bir dəfə söylədi ki, “Oturmuşduq, hamı səndən danışırdı. Sən demə, sən məşhur aktrisa imişsən”. Amma o sözləri sevgi ilə demədi. Görmədim… Gözünə girmək istədim, amma girə bilmədim. Alınmadı.
Hazırda atam bizimlə bir yerdə deyil. Atamın uşaqlıq travması var: Qadınlara qarşı sevgisizlik. Kiçik yaşlarında uşaq evində böyüyüb. Böyüyəndə anası onu oradan götürüb. Bəlkə də elə budur əsl səbəb. Yəni artıq gec olub. Atamın anasının adı Zinyət olub. Və mən bu adı heç sevməmişəm. Özümə yeni pozitiv, mənə xoşbəxtlik və sevinc gətirən adı seçmişəm: Zərinə. Sadəcə aktrisa olandan sonra oldum Zarina».