Afət Fərmanqızı: “İki arvadın söz davası nə vaxtdan…” — MÜSAHİBƏ

Afət Fərmanqızı: “İki arvadın söz davası nə vaxtdan…” — MÜSAHİBƏ
Tarix : Oxunma : Yorum Yaz

“Mən haqqımı tələb edirəm və Flora Kərimovanın 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyirəm”.

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı Cebhe.info-ya müsahibəsində deyib.

— Afət xanım, dünən Flora Kərimovanı məhkəməyə verdiyinizi açıqladınız. Hazırda tələbiniz nədir?

— Flora illər əvvəl məni təhqir eləmişdi. Mən də onu məhkəməyə vermək üçün sənədləri hazırlamışdım. Amma aparıcı Mətanət Əliverdiyeva xahiş etdiyinə görə onu məhkəməyə verməkdən vaz keçmişdim. Bunun üzərindən 3 il keçdikdən sonra, 2022-ci ildə Flora özü təhqir etməsinə baxmayaraq, məni məhkəməyə verdi. Ümumiyyətlə, mən bunların arxasında kimin dayandığını və məqsədinin nə olduğunu bilirəm. Belə olan halda mən də qanuni haqqımdan istifadə edərək, məni öz səhifəsində təhqir etdiyi paylaşımların görüntülərini məhkəməyə təqdim etdim. Çünki o, məni “uşaq cəlladı” adlandırıb. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə, o, məni kiminsə ölümündə günahlandırır. Bütün bunların hamısını məhkəməyə təqdim etmişəm və onun həbsini tələb edirəm. Flora mənim ünvanıma demişdi ki, məhkəməyə gəlməsə, qulağından tutub gətirəcəklər. O, həmin cümləsini unutmasın. Yəni məhkəməyə gəlməyənin necə gətirildiyini düşünsün və gəlsin. Çünki heç yerə qaça bilməz.

— Sizin ölkəyə qayıdan kimi həbs olunacağınıza dair xəbərlər var. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

— Qarşı tərəf özünə yaxın mənbələrə bu cəfəng məlumatları yalandan yazdırıb. İki arvadın söz davası nə vaxtdan həbsli axtarışa səbəb olur ki? Mənim barəmdəki axtarış qərarında həbs yoxdur. Bunun hamısı Floranın məni gözdən salmağa hesablanmış xəbərləri idi, amma tam əksi oldu. Reklam güclü olduğu üçün toylarım da çoxaldı. Hazırda Rusiyada işlərim çox yaxşıdır və hətta düşündüyümdən də əladır. Bunun ən bariz nümunəsi “Instagram” hesabımdakı paylaşımlarımdır. Burada hər gün el şənliklərində iştirak edirəm. Bunların hamısı sevgidən irəli gəlir. Mən Rusiyadakı toylara Azərbaycandakından da iki dəfə artıq qiymətə gedirəm.

— Ölkəyə nə zaman qayıdacaqsınız?

— Hamiləliyimlə əlaqədar olaraq həkimim təyyarəyə minməyimə icazə vermir. Çünki bu, uşağın həyatı üçün təhlükəlidir. Amma övladım dünyaya gəldikdən sonra mütləq qayıdacağam. İnşallah, nə vaxt həkim icazə versə, onda da Azərbaycana gələcək və məhkəmədə iştirak edəcəyəm.

— Siz məhkəməyə sənədlər təqdim etmisiniz?

— Hazırda lazımi sübutlar məhkəmədə toplanıb. Amma məhkəmə qərarında yalandan yazılıb ki, guya təqdim olunmayıb. Mənim vəkilim hamiləlik kağızımı və Rusiyada olmadığım barədə də bütün sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, məhkəmə qərəzli şəkildə heç bir əsas gətirmədən məhkəməyə getmədiyimi yazıb. Bunlar yalandır. Vəkilim Ramin Rüstəmov məhkəməyə Rusiyada ailə qurmağım, analıq məzuniyyətinə çıxmağım və hamiləliyimlə bağlı arayışları, sənədləri təqdim edib. Bəs Floranın təşkil etdiyi məhkəmə nə üçün bunları görməzdən gəldi?

Nəyə görə məhkəmə qanunsuz olaraq mənim barəmdə axtarış qərarı verdi? Belə olan halda məhkəmənin qərəzli olduğu bir daha görünür. Amma Azərbaycan polisi sağ olsun! Çünki Binəqədi məhkəməsindən fərqli olaraq, Binəqədi polisi qərəzsiz mövqe sərgilədi. Polis məni aradı, mən də anında cavab verdim bütün sənədləri polisə təqdim etdim və dedim ki, həkim nə vaxt icazə versə gələcəyəm. Bir daha sizin vasitənizlə Azərbaycan polisinə təşəkkür edirəm.

— Yəni axtarışa verilməyinizin yanlış olduğunu düşünürsünüz?

— Bəli. Hətta Flora açıqlama verib ki, Afət məhkəməyə gələ bilməyəcək, çünki polis tərəfindən axtarışdadır. Ona sual verirəm ki, kimə və nəyə güvənirsən? Sizin vasitənizlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin nəzərinə çatdırıram ki, Flora Kərimova xüsusi ittiham qaydası ilə kimə cinayət işi açdırmaq istəyirsə, asanlıqla Binəqədidə arzusuna çatır. Qeydiyyatım Tovuz rayonunda olmasına baxmayaraq, məni Binəqədi rayon məhkəməsinə verib. Həmçinin, 6 maddə pozuntusu ilə Binəqədi məhkəməsi mənə qarşı cinayət işi başladır. Biz hara şikayət etsək də, heç bir cavab ala bilməmişik. İndi ümid Ali Məhkəmənin qarşıdakı məhkəməsinə qalıb.

Binəqədi rayon məhkəməsi qərəzli bir qərar çıxarıb ki, guya mən heç bir səbəb gətirmədən məhkəmədən yayınıram. Binəqədi məhkəməsi rayonun polisinə mənim məhkəməyə gəlmədiyimi deyərək, aldadıb. Mən isə polisə qaçmadığımı və yerimi dedim. Sadəcə olaraq, üzrlü səbəbim olduğunu polisin diqqətinə çatdırdım. 

İlk yorumu siz yazın