“Toy elimizin adətidir, amma son vaxtlar toylar azalıb. Restoranların da, menyuların da qiyməti qalxıb. Düşünürəm ki, yeganə qalxmayan qiymət müğənnilərin toy qiymətləridir”.
Bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib.
Sənətçi bildirib ki, qiymətlər qalxsa da, o, toy qiymətində hər hansı dəyişiklik etməyib:
“Yeganə qalxmayan qiymət müğənniləri toy qiymətləridir Bunu da hamıya şamil etmirəm, toy üçün özünə fantastik qiymətlər qoyanlar da var. Fikirləşirsən ki, bu qiyməti hardan götürüb özünə qoyur. İldə bir dəfə toya gedənlər var ki, özünə o qiyməti qoyur, həmçinin hər gün gedənlər arasında da belələri var. Amma mənim toy qiymətim münasib olaraq qalıb. İnsan tək özünü düşünməməlidir, qarşı tərəfi də fikirləşmək lazımdır. Nəzərə almaq lazımdır ki, onların da arzusu, istəyi var. Hamının imkanı eyni deyil axı. Hər bir valideynin arzusudur ki, övladının toyu gözəl keçsin, yaxşı müğənnilər gəlib oxusun və s. Allah hamıya ruzi yetirsin”.
İfaçının sözlərinə görə, qiymət artımı istər-istəməz musiqiçilərə də təsir edir:
“Ümumi baxanda görürük ki, bu gün hər bir şeyin qiyməti qalxıb, qiyməti qalxmayan heç nə yoxdur. İstər-istəməz bu musiqiçilərə də təsir edir, onlar qiymətlərini qaldırırlar, Hazırda bizdə qiymətlər stabil olaraq qalıb, bundan əlavə, müştərilərə uyğun paketlər də təklif edirəm. Hər büdcəyə uyğun paketlərimiz var. Kimin nə qədər büdcəsi varsa, ona uyğun təkliflər edirəm. İnsaf da dinin yarısıdır”.
X.Şuşalı tez-tez marketlərə getdiyini, vətəndaş olaraq qiymətlərdən xəbərdar olduğu qeyd edib:
“Bazar, marketlərdəki qiymətlərdən təbii ki, xəbərim var. Evimdə dörd uşaq böyüyür, ən kiçik övladım hələ də bezdən istifadə edir. Onun da qiyməti qalxıb, hər şeyin qiymətini gözəl bilirəm. Həyat yoldaşım işləyir, çox vaxtı olmur, amma mən özüm mütəmadi olaraq evimin altındakı marketə girirəm, qiymətlərlə maraqlanıram. Hər şeyin qiyməti çox qalxıb. Bəziləri deyir məhsullar xaricdən gəlir ona görədir, lakin yerli məhsulların da qiyməti qalxıb. Bu da başadüşüləndir, çünki yerli malı satan özü də xaricdən gələn qidaları alır. Bunları da nəzərə almaq lazımdır. Allah hamıya ruzisini yetirsin. Guya biz deyinsək nə dəyişəcək, deyinməsək nə dəyişəcək? Elə birinci çörəyin qiyməti yada düşür. Hələ şayiələr gəzir ki, yenə qiyməti artacaq. Düzdür, Allah heç bir bəndəsini ac qoymur. İnşallah, hər şey yaxşı olar. Biz müharibədən çıxmış ölkəyik, Allahdan ümid üzülməz. Əsas odur ki, müharibə olmasın, oğullarımızı itirməyək. Qalan hər şey düzələcək, hər şey yaxşı olacaq. Özümüzü belə şeylərlə qorxutmayaq. Allahdan bərk yapışaq”.