«Hadisə toydan 15 gün keçəndən sonra baş verdi. Yanğın binanın blokunda idi. Elə bilirdim ki, yanğın evlərin birindədir. Eyvana çıxanda gördüm aşağıdan qışqırırlar ki, binaları tərk edin».
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Əmrah Dadaşov «Tam vaxtıdır» verilişində deyib. Aktyor həyat yoldaşı Asya Atakişiyevanı hadisə zamanı evdən necə çıxarmasından danışıb:
«Qapını bağladım, dəm qazına düşdük. Həyətə blokun eyvanı olan hissədən düşməyi planlaşdırmışdım, amma eyvanı tapa bilmirdim. Bir anlıq düşündüm ki, qayıdım evə, ölürəmsə də evdə ölüm. O qədər isti idi ki, elə bilirdim yanırıq. Fikirləşirdim ki, zəhərlənib ölmək, yanıb ölməkdən daha yaxşıdır. Beynimdə yalnız bu fikir idi. Qapını açmaq istədim, əlim əsdi və açar yerə düşdü. Açarı götürmək istəyərkən ayağa qalxmağa halım olmadı. Asya da yanımda sakitcə durmuşdu. Dedim, heç olmasa onu çıxarım, özüm qalsam da olar. Bir anlıq Allahdan güc gəldi, Asyanı tutub, təxminlərlə qara tüstünün içində divara dəyə-dəyə çıxardım. Heç nə görünmürdü. O gün getsin, bir də gəlməsin».