«Zəfər günümüz zaman ötdükcə şən bir bayram olacaq, İnşallah… Millət torpaqlarına qovuşdu, Şükürlər olsun…»
Axşam.az xəbər verir ki, bu barədə müğənni-bəstəkar Murad Arif sosial media hesabında yazıb. O, fikirlərinə bu sözlərlə davam edib:
«Digər tərəfdə isə balasının hələ dünənki ilk addımlarını, ilk sözlərini, yıxılmağını, beşiyini, gülüşünü, baxçasını, məktəbini, baş tutmayan toyunu düşünən, dağ çəkilmiş ürəklər var. Oğullar canını qurban edib… Onu düşünürəm ki, bu qurbanlara necə layiq ola bilərik görəsən?! Artıq bir əbədi sülh olsun, istəyirəm. Daha balalar ölməsin, istəyirəm. Heç bilmirəm, izah edə bilirəmmi ya yox?!
Nə olar, rahat evimizdə, divanımızda, isti çayımızla, salamat əlimiz-ayağımızla döyüşdən, müharibədən, ölümlərdən, yeni savaşların müjdəsindən də «boğazdan yuxarı» danışmayaq…
Nə qədər şəhidimiz varsa, onlarla birgə mənən ölən doğmaları var aramızda. Məhz Qələbə günü onların da duyğularını, içindəki yanğını çalışaq hiss edək. Yəni ülviyyət, filan öz yerində… Amma, bir ananın, atanın, bacının, həyat yoldaşı və övladlarının nəzərindən dəyərləndirək olanları. Bu çox önəmlidir…
Adi gəlməsin! Adi gəlməməlidir!»