“Toyda insanlara bir az sərbəstlik verilib. Axı şad gündür, məclisdə xalaqızı, bibiqızı, yaxın qohumlar olur, camaat maska ilə bir-biri ilə öpüşüb görüşməyəcək ki…”
Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev deyib. Yas mərasimlərinə qoyulan qadağa ilə bağlı danışan ifaçı hələ ki, qapalı məkanda məclis keçirilməsinin təhlükəli olduğunu deyib:
“Yaslar qapalı məkanda keçirilir, ona görə hələ də məhdudiyyətlər var deyə düşünürəm. Qapalı məkanda bir az ehtiyatlı olmaq lazımdır. Açıq məkanda qorxusu yoxdur. Biz ehtiyatımızı əldən verməməliyik. Toyda insanlara bir az sərbəstlik verilib. Axı şad gündür, məclisdə xalaqızı, bibiqızı, yaxın qohumlar olur, camaat maskda bir-biri ilə öpüşüb görüşməyəcək ki… Bu düz gəlmir. Mənim zənnimcə, məhdudiyyətlər toylara şamil olunmamalıdır. Toylar rahat, azad keçirilsin. Adam sayı 150 olsun deyirlərsə, qoy elə olsun. Lazım gələr iki dəfə toy edərlər. Nadir Qafarzadə oğluna toyu elə etmişdi, yuxarıda 150, aşağıda 150 nəfər. Çox düzgün qərardır. İndi sözün açığı, mənim toylarla elə də əlaqəm yoxdur. Tək-tük toylara gedirəm, çaşanda məni çağırırlar, gedirəm, amma mən adam sayında heç bir problem görmürəm”.
Onun sözlərinə görə, özünü virusdan qoruyan adamlar daha çox koronavirusa yoluxurlar:
“Xəstəliyi bütün gün dərd etməyə dəyməz, əgər Allah sənin ömrünü bu qədər yazıbsa, burada bitəcək deyibsə, deməli bitəcək. Bu yazılıbsa, olacaq, sən istəyirsən maska tax, istəyirsən taxma, özünü qoru yaxud qoruma. Bütün günü özünü qoruyan adamlar daha çox yoluxur. Rəhmətlik Səməd Səmədovu — mənim dostumu misal çəkə bilərəm. Səməd ən çox qorunan adam idi, səhərdən axşamacan sarımsaq yeyirdi, sarımsaq iyindən ona yaxın durmaq olmurdu. Deyirdim, “Ay Səməd, bu nədi?” Deyirdi ki, koronadan qorxuram, özümü qoruyuram. Axırda da yazıq elə koronadan öldü. Amma mən yaşayıram, harada bitəcəksə, bitəcək, bilə bilmərik. Ömür bitəndə, istəyirsən koronadan qorunma, lap dəryada gizlən, amma yenə Əzrayıl səni tapacaq. Həm də yeni ştammın — “Omikron”un elə də qorxusu yoxdur. Bu ştammda ölüm riski çox azdır. Hələ mən eşitməmişəm ki, bundan kimsə ölsün”.