Bir neçə gün əvvəl müğənni Niyam Salami mərhum müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı bəzi detalları açıqlayıb.
Sənətçi qonaq olduğu efirdə Rəhimin tam sağalması üçün 150 min manat lazım olduğunu bildirib.
Niyamın Rəhimin sağalması üçün açıqladığı külli miqdarda pul hər kəsi təəccübləndirib. Qısa zaman ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən məsələ Rəhimin pərəstişkarlarını hiddətləndirib. Onlar həmkarlarının R.Rəhimliyə kömək etməməsini sərt tənqid ediblər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aktyor Allahverdi Yolçuyev bildirib ki, mərhum müğənni kimdənsə yardım istəməyi heç vaxt özünə sığışdırmayıb:
“Rəhim Rəhimlini az-çox tanıyırdım, Allah ona rəhmət eləsin. O da mənim kimi xoşlamazdı ki, gedib nəyəsə görə kiminsə qapısını döysün, imdad diləsin. Mən necə ki, indi heç bir yerə — nə Mədəniyyət Nazirliyinə, nə də Səhiyyə Nazirliyinə getmirəm. Onlar özləri bunu bilməlidirlər.
Rəhim Rəhimlinin də öz dəsti-xətti vardı, həm bəstəkar, həm müğənni, həm də aparıcı idi. O, gözəl insan idi. Həmkarları dedi ki, müalicəsi üçün 150 min pul lazım imiş. Onu özləri öz aralarında toplaya bilərdilər, dövlət də kömək edə bilərdi. Amma təəssüf ki, sənətçilərin dəyəri ölümündən sonra bilinir. Vaxtilə bir-birinə can deyib, can eşidənlər, sənin çörəyinlə yaşayanlar, bu gün sayəndə artıq zirvədə olan sənətçilər sən dara düşəndə heç bir köməklik etmirlər. Rəhim də bu cür sənətçilərdən biri idi, həmişə başqalarına kömək olurdu”.
Sənətçi özünün də səhhətində ciddi problemlər olduğunu bildirib. Yolçuyev Mədəniyyət Nazirliyinin onunla maraqlanmadığını deyərək gileylənib:
“Mənim də vəziyyətim pisdir. Xəstəliyim daha da irəliləyib. Mədəniyyət Nazirliyi bunu bilir, hər şeydən xəbərləri var, səhərdən axşama qədər televiziyada, sosial şəbəkələrdə yazırlar ki, Allahverdi Yolçuyevin vəziyyəti pisdir. Amma heç kəs maraqlanmır. Mən də ona görə heç nə demirəm, öz həyatımla, nəvələrimlə başımı qatıram, harada qırılar, qırılar. Amma istəsələr xəstəliyimin qabağını ala bilərlər. 4 ildir nə maaş, nə təqaüd, nə də hər hansı bir yardım alıram. Yaxşı ki, uşaqlarım böyükdür, bir təhər dolanırıq, Allah özü kömək olsun. Artıq dublyaja da çağırmırlar. Keçən sezon Xəzər telekanalında olurdum, amma bu sezon götürdükləri serialda hamısı cavanlardır, ona görə haqlı olaraq məni çağırmayıblar. İnşallah, hər şey yaxşı olar, ümid etməkdən başqa bir yol yoxdur”.
Qeyd edək ki, Allahverdi Yolçuyev uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.