Son günlərdə bəzi media orqanlarında və sosial media səhifələrində universitetlərin təhsil haqqını tələb etməsi mövzusu ətrafında süni ajiotaj yaratmaq cəhdləri müşahidə olunur. Bu kontekstdə Qərbi Kaspi Universitetinin adı da hallandırılaraq universitetin tələbələrdən təhsil haqqını tələb etdiyi qeyd edilir.
Xatırladaq ki, universitet bu və ya digər formada yüzlərlə tələbəsini təhsil haqqından ya azad edib, ya da onlara böyük miqyasda güzəştlər tətbiq edib. Bu sırada ödənişsiz olaraq xaricdə təhsil proqramları ilə yanaşı universitetin müxtəlif layihələri çərçivəsində, o cümlədən müharibədə iştirak edən 30-dan artıq tələbəsinin təhsil haqqını öz üzərinə götürməsini qeyd edə bilərik.
Ümumiyyətlə, Qərbi Kaspi Universiteti korporativ sosial məsuliyyətini anlayır və bu yöndə ardıcıl addımlar atır.
Tələbələrin təhsil haqqı məsələsinə gəldikdə isə qeyd edək ki, yüksək bal toplayan tələbələr universitetimizdə ümumiyyətlə təhsil haqqından azad edilir, nisbətən yüksək bal toplayanalara, eyni zamanda yüksək qiymətlərlə təhsil alanlara güzəştlər edilir, təqaüdlər verilir. Bu şansdan istifadə etməsi üçün tələbədən sadəcə, yaxşı oxumaq tələb olunur.
Təhsil haqqını ödəmək isə tələbənin müqavilə öhdəliyindən irəli gəlir və valideynlər və tələbələr də nəzərə almalıdır ki, universitet müəllim və əməkdaşlarının qarşısında əmək haqqı ödəmək, kommunal xərcləri qarşılamaq, vergi orqanları qarşısında vergi öhdəliyi daşıyır. Buna görə də universitet təhsil haqqı ödəməyən tələbələrin qərarına hörmətlə yanaşır, vəziyyətini başa düşür, ancaq eyni zamanda təhsil haqqını ödəmiş tələbələr qarşısında öhdəliklərini tam yerinə yetirmək imkanı olsun deyə növbəti semestri kiçilmiş büdcə ilə daha az müəllim sayı ilə daha az sayda tələbə qrupları formalaşdıraraq fəaliyyətini heç olmasa növbəti semestrin sonunadək davam etdirmək imkanını təmin etməlidir. İndiki halda ortaya qoyulan yanaşma tələbə qruplarını və akademik heyəti kiçildərək fəaliyyətini davam etdirmək imkanını da universitetin əlindən almaq demək deyilmi?! Çünki kiçilmiş büdcə ilə eyni sayda müəllimlərin məvaciblərini ödəmək, eyni ayda auditoriya fondunu işlək vəziyyətdə saxlamaq və s xərcləri qarşılamaq imkanı tükəndikdə universitetin çökməkdən başqa çarəsi qalmır, o cümlədən bütün öhdəliklərini yerinə yetirən tələbələr qarşısında borclu qalmış olur.
Universitetin fəaliyyətini bu cür iflic etmək öhdəliklərini yerinə yetirən və hazırda keyfiyyətli təhsil alan tələbələrin haqqına girmək deyilmi?! Bir tələbənin təhsil haqqı hesabına digərinin təhsilini davam etdirməsi nə qədər ədalətlidir? Nə qədər ədalətlidir ki, təhsil haqqının ödənməməsi üzündən universitetin imkanlarını məhdudlaşdırmasının nəticəsində xeyli sayda öz öhdəliklərini yerinə yetirən tələbə keyfiyyətli təhsildən məhrum olsun?! Olmazmı ki, tələbə təhsil haqqından universitetin öz üzərinə götürdüyü öhdəlikdən yararlanaraq yaxşı oxumağa can atmaqla təhsil haqqından azad edilmə barədə düşünsün?! Qoy, bizim problemimiz həddən artıq çox sayda əlaçı tələbələrin olması (universitetin məqsədi də bu, deyilmi?) nəticəsində elan etdiyi güzəştləri tətbiq etməkdə çətinlikdən ibarət olsun. Belə olan halda bu məsələni ictimaiyyətə baş-ayaq təqdim edənlərə valideyn yox, biz müraciət edəcəyik.
Universitetlə tələbə arasında bağlanmış müqaviləyə əsasən tələbə təhsil haqqını təhsil ilinin başlanğıcında tam olaraq ödəməlidir. Ancaq universitet bu məsələdə də güzəştli mövqe tutaraq təhsil haqqını birinci semestrin sonunadək hissə-hissə ödəmək üçün imkan yaradır. Tələbə təhsil haqqını bu vaxtadək ödəməklə ikinci semestrdə təhsilini davam etdirəcəyini ifadə edir və bu, universitetə növbəti yarım il üçün xərclərini, müəllimlərin sayını və digər xərc və planlarını proqramlaşdırmağa imkan verir.
İndiki halda universitetdən nə tələb olunduğu tam olaraq aydın deyil. Universitet kiçik təşkilatdır və bu qədər yükü hansı əsasla və hansı güclə öz üzərinə götürə bilər? Tələbələrin təhsil haqqını ödəməməsi universitetin fəaliyyətini dayandırması deməkdir. Maraqlıdır, bu məsələni əsasən birtərəfli qaydada ictimailəşdirənlər özləri bu yükün altına çiyinlərini niyə vermirlər? Və ya nə üçün digər biznes təşkilatları, bu məsələni qaldıranlar tələbələrin təhsil haqqını ödəmək üçün bir model yaradaraq bu məsuliyyəti bölüşməyə can atmırlar? Ona görə ki, ittiham etmək daha asandır?! Bu məsələni gündəmə gətirib, özünə ucuz nüfuz qazanmağa çalışan media qurumu hansısa heç reklamı demirik, güzəştli təhsil haqqında məlumatı, tələbələrin təhsil nailiyyətləri barədə məlumatı ödənişsiz olaraq yayımlayırmı? Təcrübdən, görürük ki, xeyr! Əslində, bu fakt həmin media qurumunun da bu sahəyə münasibətdə əsl səmimiyyətini üzə çıxarır.
Universitet tələbələrin ödənişsiz və güzəştli təhsil imkanalrındna yararlanması üçün mövzunu təhrif edənlərdən fərqli olaraq müvafiq addımlar atır.
Təhsil haqqını ödəmədiyi üçün imtahana buraxılmayan tələbəyə gəldikdə isə universitetimiz tələbələrə 2 dəfə ödənişsiz təkrar imtahan şansı yaradır və tələbə bu imkandan da istifadə edərək imtahan ssesiyasını uğurla başa vura bilər.
Müxtəlif media orqanları və sosial şəbəkə səhifələri vasitəsilə universitetin təhsil haqqını tələb etməsini müxtəlif interpretasiyalarda təqdim etmək, yalnız bir universitetə qarşı yönəlmiş kampaniya deyil, ölkənin təhsil mühitinə, təhsil sahəsinin ardıcıl inkişafına qarşı təhdid və mənfi presedentin təşviq olunmasıdır.