Bakının Yasamal rayonu, Qanlı göl ətrafında yaşayan sakinlər evlərinin sökülməsi təhlükəsi ilə üzləşiblər.
Onlar deyiblər ki, ərazidə yaşayış kompleksi tikmək istəyən Kristal Abşeron şirkəti onlara heç bir xəbərdarlıq etmədən, onlarla razılaşmadan evlərini sökməyə başlayıb.
Sakinlər deyirlər ki, onlar uzun illərdi burda məskən salıb, ev-eşik tikiblər və öz evlərindən heç yerə getmək istəmirlər.
Sakinlər deyirlər ya şirkət onları elə bu ərazidə mənzillə təmin etsin, ya da elə təzminat ödəsin ki, onlar uzun illər yaşadıqları bu ərazidə özlərinə ev ala bilsinlər.
Kristan Abşeron tikinti şirkətindən BBC News Azərbaycancaya bildirilib ki, Qanlı gölün şimal-qərb hissəsi tikinti, layihələndirmə işləri aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə onlara verilib. Kristal Abşeron sakinlərin bu ərazidə qanunsuz məskunlaşdığını deyir və əlavə edir ki, buna baxmayaraq, onlarla razılığa gəlməyə çalışıb.
Şirkətin göndərdiyi yazılı cavabda bildirilir ki, Kristal Abşeron sakinlərə balansındakı hazır mənzilləri təklif edib, bununla razılaşmayanlara isə tikiləcək yaşayış kompleksi hazır olanadək daşınma və kirayə xərcini ödəməyi təklif edib. Amma bəzi sakinlər təklif olunan hazır mənzillərin uzaq ərazilərdə yerləşməsini əsas gətirərək bununla razılaşmır.
Kristal Abşeron hələlik çəpərlərin söküntüsünə başlanıldığını deyir. Amma hadisə yerində olan BBC müxbiri çəpər yox, daş hasarın dağıdıldığını, bir sayğacın isə qırıldığını müşahidə edib.
Şirkətdən bildirilib ki, evlərin söküntüsü yalnız sakinlərlə rəsmi şəkildə razılıq əldə olunandan sonra aparılacaq.