“İqtidarı buraxıb, başlayırlar məni söyməyə…” – Baba Vəziroğlu

“İqtidarı buraxıb, başlayırlar məni söyməyə…” – Baba Vəziroğlu
Tarix : Oxunma : Yorum Yaz

“Bu məsələnin kökü təkcə biz azərbaycanlılara aid deyil. Ümumiyyətlə, insan unutqan olur”. 

Bunu “Yeni Müsavat”a müsahibəsində Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

Vətən müharibəsindən sonra yeni marşlar, şeir və romanlar, filmlərin ortaya çıxacağı haqda gözləntilərin özünü doğrultmadığı haqda sualı cavablandıran B. Vəziroğlu deyib ki, həmin günlərdə bir kənd, ucalıq alınanda ölkədə toy-bayram olurdu:

“Həmçinin şəhid xəbərlərini böyük üzüntü ilə qarşılayırdıq. Bir sözlə, əsl eyforiya dövrünü yaşadıq, keçdik. 

İndi isə vəziyyət dəyişib, informasiya, diplomatiya qələbələrimizə sanki bir biganəlik var. Gecə-gündüz Qarabağ deyib ağlayan insanlar indi sosial şəbəkələrdə bəzən öz əleyhimizə fikirlər səsləndirir. Sosial şəbəkələrə baxanda iyrənirəm, ortalığa elə “çayxana” siyasətçiləri çıxıb ki, onların fikirlərini oxuyanda adamı dəhşət bürüyür. 

Hətta bəzi “ağzıgöyçəklər” yazdılar ki, guya biz Ermənistan ərazisinə müdaxilə etmişik və sairə. İnanın, əgər həmin an onlar mənim əlimə düşsəydi, onların hamısını güllələyərdim. Ay naşükürlər, qədirbilməzlər! Əksər ölkələrin Azərbaycana qarşı olduğu bir dövrdə,  çətin coğrafi, mürəkkəb siyasi vəziyyətdə yaşayan Azərbaycan öz dişi, dırnağı ilə qazandığı qələbələri rəsmiləşdirdi, dünyaya qəbul etdirdi. Bəs sizə nə olub?  Heç olmasa mane olmayın, susun. Sizin çayxana siyasətiniz axı kimə lazımdır? 

Mən, sadəcə, dəhşətə gəlirəm. Sosial şəbəkədə iqtidarla bağlı hansısa müsbət fikir yazan kimi, iqtidarı buraxıb, başlayırlar məni söyməyə. Özü də görürlər ki, mən onları nə blok edir, nə də dostluqdan çıxartmıram, yəni fikirlərinə hörmət edirəm, eləcə də mənim fikrimə hörmətlə yanaşmalıdırlar. Yaxşı ki, “Tik-tok”u bağlayıblar, digərlərini də bağlasalar lap yaxşı olardı, qulağımız sakit olar, ürəyimiz də bulanmazdı.

Eləcə də yaradıcılıq dövründə də eyforiya dövrünü keçdik, daha sonra sanki qurbağa gölünə daş atıldı. Müharibədən bir qədər sonra guya ki, hansısa əsərlər, şeirlər yazıldı…”

B. Vəziroğlu deyib ki, müharibədən sonra ortaya çıxan əsərlərin əksəriyyəti kampaniya xətrinə yazılmışdı: 

“Kampaniya xətrinə yazılan heç vaxt yadda qalmır və yaxın tarixdə, ümumiyyətlə, onların adı heç çəkilməyəcək. Mənə elə gəlir ki, zirvəyə bir qədər uzaqdan baxmaq lazımdır. 

Hesab edirəm ki, bizim incəsənətin, ədəbiyyatın vəzifəsi hələ qarşıdadır. Baxın, ən gözəl filmlər, roman və əsərlər İkinci Dünya müharibəsindən illər sonra yaranmışdı. Məsələn, “Baharın 17 anı” filmi və sairə. 

Bir daha qeyd edirəm ki, gərək zirvəni uzaqdan izləyəsən, hadisənin içində olanda insanın gözü elə gördüyü qədər müşahidə edə bilir. Ümid edirəm ki, illər sonra yaxşı, sanballı əsərlər, filmlər ortalığa çıxacaq. İndi isə hələ ki yaradıcı insanlar bu cür əsərlər ortalığa çıxara bilməyib, içi mən qarışıq”.

İlk yorumu siz yazın