Hüseynbala Mirələmovdan Zamin Hacıya cavab: “Sekslə sevginin fərqini ayırd edə bilmir”

Hüseynbala Mirələmovdan Zamin Hacıya cavab: “Sekslə sevginin fərqini ayırd edə bilmir”
Tarix : Oxunma : Yorum Yaz

Kulis.az Hüseynbala Mirələmovun “Zamin Hacıya zəruri xatırlatmalar…” yazısını təqdim edir.

Orta məktəbdə oxuyanda bir burnufırtıqlı, əyridiş sinif yoldaşım vardı. Əlbəttə, onun xarici görkəminin bu dediyim nüansları qətiyyən gülməli deyil, Allah hərəni bir cür yaradıb. Ancaq gülməli olan bu idi ki, həmin oğlan daim başqalarına ilişir, xüsusilə də, dişləri əyri olan yoldaşlarına lağ edib sataşırdı. Və cavabsız da qalmazdı: arada bir yoldaşlarımızdan kötək payını və söyüş porsiyasını alardı. Ondan sonra bir müddət sakitləşərdi. Vaxtaşırı əlinə qələmini alıb (qələminimi?) hansısa küncdən ortalığa tullanan “künc yazarı” Zamin Hacı hər yazısından sonra mənə haqqında söhbət açdığım həmin sinif yoldaşımı xatırladır. Sanki mütəmadi olaraq öz “porsiya”sını almaq ehtiyacı onu rahat buraxmır. Vaxtaşırı layiqli cavabını da alır, ancaq yenə də zaman-zaman içindəki əcaib-qəraib söyülmək və aşağılanmaq ehtiyacı boy göstərir. Özünəməxsus seçimdir də, buna nə deyəsən?..

Demək istədiyim mətləb tamam başqadır.

Bu günlərdə Zamin Hacının Kulis.az saytında dərc edilən “Hüseynbala Mirələmov və Əkrəm Əylisli niyə yalan danışır?” sərlövhəli yazısında köşə qəhrəmanımız yenə sağa-sola sapıdıb. Xalq artisti Nurəddin Mehdixanlıya istinadən verdiyim informasiyanın guya yalan olduğunu yazıb, gah məni, gah da adıçəkilən Xalq artistini yalançı çıxarmağa çalışıb. “Faktaraşdırıcı missionerimiz” elə “ciddi-ciddi” tədqiqatlar aparıb ki, sanki hazırda dünyanın taleyi “Xəcalət” pyesinin Qran-prilərinin sayının dəqiqləşdirilməsindən asılıdır. Köşə-bucaqda yazıçıları güdüb kimin harada asqıracağına silsilə yazılar həsr eləməkdənsə, tənqid etdiyi “Əlahəzrət faktlara istinadən” yazımda qabartdığım mühüm bir problemi – son dönəmdə gənclərimizin narkomaniyaya sürüklənməsinin səbəblərini araşdıra bilərdi, hətta bir az imkanlarını səfərbər eləsə, bəlkə də, problemə baxış bucağını və hansısa həll yollarını da təklif edə bilərdi?

Köşədən hərəyə bir daş tullayan bu jurnalisti, doğrudan da, xalqın hansısa problemi narahat edirsə, yazıçıların çənəsinin altını kəsdirib məqam güdməkdənsə, getsin “Azərbaycan” qəzetinin 20 aprel, 2022-ci il tarixli sayında dərc olunan “İlin ilk üç ayında 1 ton 880 kiloqramdan çox narkotik vasitə və psixotropmaddə qanunsuz dövriyyədən çıxarılıb” sərlövhəli informasiyanı oxuyub tüğyan edən narkomaniya bəlasının, ağ ölüm kabusunun caynaqlarından gənclərimizi necə qopara biləcəyimizə diqqət ayırsın. Həmin informasiyadakı faktlar məni o qədər dəhşətə gətirib ki, kütləvi informasiya vasitələrində yayımlanan bu statistikanı mən də paylaşmaq qərarına gəldim. Bu gün diqqət ayırmalı olduğumuz əsl problem “Xəcalət”in Qran-priləri deyil, artıq orta məktəblərə qədər yol açmış narkomaniya bəlasıdır. Və bu bəla bir yoluqsaqqalın ortalığa düşüb Mirələmovun yaradıcılığını kinayəli şəkildə saxta gündəm eləməsindən daha ciddidir: “Bu ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət faktı aşkarlanıb. Onlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyası, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 880 kiloqram 475,692 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 81 kiloqram 614,282 qramını heroin, 505 kiloqram 478,298 qramını marixuana, 141 kiloqram 94,393 qramını tiryək, 5 kiloqram 39,161 qramını həşiş, 198,940 qramını kokain, 142 kiloqram 797,821 qramını psixotrop maddələr, 4 kiloqram 252,797 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1732 nəfər cəlb olunub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 5-i Türkiyə, 3-ü Gürcüstan, 1-Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kiloqram 277,504 qram müxtəlif növ narkotik vasitə, 17 kiloqram 956,92 qram psixotrop maddələr və 1,125 qram güclü təsir edən maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkarlanıb və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kiloqram 540,334 qram, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kiloqram 399,27 qram psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.

2022-ci ilin üç ayında qanunsuz dövriyyədən götürülmüş 1 ton 880 kiloqram 474,692 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min manat (41 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Cari ilin yanvar-mart aylarında 802 – qaynar xətt telefon zəng xidmətinə 498 vətəndaş müraciəti daxil olub. Onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub ünvanlanıb. Beləliklə, 802 — qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumat əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib”.

Bir köşə yazarı dövlətimizin müvafiq strukturlarının mübarizə apardığı bu problemi işıqlandıraraq fikir bildirmək, cəmiyyətin diqqətini bu bəlanın kökünün kəsilməsinə yönəltmək və bununla bağlı həyəcan təbili çalmaq yerinə, hansı havanı çalırsa heç özü də bilmir. Nə qədər “dalay-dalay” olar?..

“Əlahəzrət faktlara istinadən” yazımda da narkomaniyanın qarşısının alınmasının zəruri olduğu ilə bağlı fikrimi bildirmişdim. Amma Zamin Hacı yazıda qeyd etdiyim və bütün xalqımızı narahat edən əsas problemi görməzdən gəlib, gedib “Xəcalət”in Qran-prilərinin dərdinə düşüb. Allah başqa dərd verməsin, Zamin Hacı…

Madam ki, söhbət açılıb, bir məqamı da qeyd edim. Qamışdan atını minib sağa-sola çapıb hamını yalançı çıxaran Zamin Hacı sözügedən yazısında bir cümlə də işlədir: “Mən öncə etiraf edirəm, Mirələmovun yaradıcılığından qətiyyən məlumatım yoxdur. O baxımdan “oxumamışam, ancaq nifrət edirəm” janrında fikir bildirmək istəməzdim. Bəlkə, şedevrlər yazır? Lap istəyir “deşevrlər” yazsın. Bunun mənə istisi-soyuğu yoxdur, hamı yaza bilər…”.

Xub, əgər Zamin Hacının yaradıcılığımdan qətiyyən məlumatı yoxdursa, kitablarımı oxumayıbsa, niyə bundan öncəki cızma-qarasının birində ədəbiyyata bəlli olmayan bir janrda əsərim haqqında fikir bildirməyə özünü məcbur hiss edib? Belə ki, Kulis.az saytında ötən ilin avqust ayında gedən bir yazısında qətiyyən məlumatı olmadığı yaradıcılığım haqqında nəyə əsasən rəy bildirib? Rəy də nə ola: guya mən bir əsərimdə canavarların “cinsi əlaqəsi”ndən yazmışam (dırnaqdakı ifadə Zamin Hacıya məxsusdur). Köşədəki yazarımız Zamin özündə bir xeyli növ “aclıq” ehtiva edən bu açıqlamasını bundan sonra belə tamamlayıb: “Bundan xəbər tutan canavarlar cütləşməyi dayandırdılar. Məndə olan məlumata görə, hazırda bu totemimizin kökü kəsilmək üzrədir. Bir gün də buna etiraz üçün küçəyə çıxıb ulamalı olacağıq. Bilmirəm ekologiya idarəsi hara baxırmış. Hüseynbala müəllimi o romana görə cərimələmək olmazdımı?”

Neçə ilin yazarının məhəllə uşaqları tonunda səsləndirdiyi bu bəsit cümlələri oxuyanda fikirləşdim ki, Zaminin küçəyə çıxıb ağzını göyə tutub ulaması, bəlkə də, həmin qeydlərindən daha maraqlı olardı?..

Mövzu açılmışkən, qeyd edim ki, söhbət mənim həm Azərbaycanda, həm də Türkiyədə dəfələrlə təkrar nəşr olunan və oxucu rəğbəti qazanan “Cəza” əsərimdən gedir. Həmin əsərdə Zaminin xəyal elədiyi kimi canavarların seksi yox, bir-birinə olan ülvi sevgisi bədii şəkildə qələmə alınıb. İndi neyləyək, Zamin Hacı bu yaşına qədər sekslə sevginin fərqini ayırd edə bilməyibsə, bundan sonra cild-cild kitablar da yazsaq Zamini başa sala biləcəyimizə inanmıram…

Heç oxumadığı kitab haqqında özündə fikir söyləmək cəsarəti tapan Zamin Hacı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də sarkazmla guya bir daş atıb. Yeri gəlmişkən, qeyd edim ki, ekoloji problemlərin qabardıldığı və buna qarşı mübarizə yollarının göstərildiyi məhz həmin “Cəza” əsərinə görə illər əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mükafatına layiq görülmüşəm. Bir halda ki, faktlara söykənərək yazırıq, bu fakt da burada yer alsın…

Digər bir-iki zəruri qeydi də Hacının nəzərinə çatdırmaq artıq əşhədü-ehtiyac oldu. Zamin Hacının heç oxumadığı, amma “möcüzəvi” bir şəkildə fikir bildirdiyi “Cəza” əsərini oxuyaraq, anlayaraq rəy bildirən xeyli sayda dəyərli ədəbiyyatşünas alim var. Söhbəti uzatmayaraq onlardan yalnız birinin, mərhum akademik Bəkir Nəbiyevin “Cəza” kitabına yazdığı ön sözdən bir neçə cümləni xatırlatmaq istərdim:

“Cəza” povestinin ürək yanğısı ilə yazıldığı onun hər səhifəsində özünü göstərir. Partladılaraq kökündən qoparılan hər bir nəhəng palıd ağacının, namərd gülləsi ilə qanına boyanan hər bir körpə heyvanın, nadan münasibətlər nəticəsində itib-batan hər bir bulağın taleyi yazıçı qəlbinin dərinliklərinə nüfuz edir və bu hadisələrin bədii təsviri oxucuya da sarsıdıcı təsir göstərir, bununla da, hamını ekoloji düşmənlərimizə qarşı mübarizədə birləşməyə, prinsipial olmağa səfərbər edir. Bu əsərdə Hüseynbala Mirələmovun istedadının şəxsən mənim üçün yeni olan bir tərəfi də açıldı. Bu da heyvanların, xüsusilə də, canavarların davranışının təsvirindəki xüsusi bacarığıdır. Onun təqdimində canavarların da özünəməxsus maraqlı aləmi, duyğu və davranışlar kodeksi var. Heyvanların daxili dünyasındakı inandırıcı məqamlarının təsviri ilə mən ilk dəfə böyük rus ədibi A. P. Çexovun “Kaştanka” hekayəsində qarşılaşmışam”.

Türkiyədə dəfələrlə təkrar nəşr edilən və oxucular arasında böyük maraq doğuran “Cəza” əsəri haqqında üç türk oxucunun fikirlərini də qısaca əlavə etmək istərdim. Halil İbrahim Yıldız adlı oxucu qeyd edir ki, “Cəza” daha çox pul qazanmaq üçün təbiəti korlayıb ağacların kəsilməsini, heyvanların zövq naminə necə tutulmasını, sırf nümayiş etdirmək üçün bir qurd ailəsini necə parçaladıqlarını anladan gözəl bir əsərdir. Xüsusilə, qurdlarla ilgili bölümləri Cek Londonun “Ağ diş” əsərini xatırladır və onun kimi təsirləndirici olmuşdur. Yazıçının əsərində də dediyi kimi təbiət gec-tez özünə edilənin intiqamını alır…”

Digər bir oxucu Sıla yazır ki, bu qədər gözəl bir kitabın eşidilməmiş olmasına o qədər üzüldüm ki: “Kitab elədir, belədir” – deyə anlatmaq yerinə açıq-açıq deyirəm: oxuyun, oxudun. O qədər xoşuma gəldi ki, o qədər sevdim ki… Hönkür-hönkür ağladığım səhifələr oldu. Hətta kitabı çərçivələdib salona asmağı düşünürəm”.

Başqa bir oxucu İlknur Zeybək isə bildirib: “Cəza” Hüseynbala Mirələmovun təsadüfən oxuduğum bir kitabıdır. Cek Londonun “Əcdadların harayı” dadında bir roman olduğunu düşünürəm. Kitabın qəhrəmanları Köysərək və Ayçən adında uşaqlıqları bir yerdə keçmiş, böyüyəndə də balaları olan iki qurddur. Bir tərəfdə aclıqla mübarizə edən balalarını və Ayçəni doydurmaq üçün insanların arasına dalmaq məcburiyyətində qalan erkək qurd Köysərək, digər tərəfdə uşaqlarının və arvadının ehtiyaclarını təmin etmək üçün qurd balalarını qaçırıb satacaq qədər gözü dönmüş Qasım…”

Fakt axtarışında olan və hamını yalançılıqda suçlayan Zamin Hacıya əziyyət verməmək üçün deyim ki, bu oxucu rəyləri 1000kitab.com saytında ictimaiyyətə açıq şəkildə öz əksini tapıb. “Faktaraşdırıcı missiya”sı başa çatmamış istədiyi yerə girib görə bilər…

Bəziləri ilə öz dilində, özünün başa düşəcəyi leksikonla, anladığı ironik qatda danışmağa məcbur olursan. Bəziləri isə elə sitatlar gətirirlər ki, elə birbaşa özlərinə aid olur. Zamin də bu sırada duranlardandır. Sözügedən yazısında da Çarli Çaplinin maraqlı bir sitatını işlətmişdi (Yeri gəlmişkən, həmin məqalədəki yeganə dəyərli fikir də məhz həmin sitatdır): “Həyat ona iri planda baxanda faciədir, uzaqdan baxanda isə komediya”.

Sonda demək istəyirəm ki, Zamin Hacı, hörmətli yazıçıların həyatına çox iri planda baxmağa cəhd eləyəndə faciə kimi gördükləriniz sizin beyninizin növbəti saxta illüziyasından başqa bir şey olmaya da bilər… Yuxarıda da qeyd etdiyim kimi, ölkədə iri planda baxılacaq, araşdırılacaq, işıqlandırılacaq xeyli mövzular və problemlər var, eynəyinizin ölçüləri imkan verirsə, ora baxın. Buna gücünüz çatmırsa, iri planda baxılacaq ən yaxın yer elə öz “rəngarəng” həyatınızdır. Canavarların seksi haqqında beyin yormaqdansa, diqqətlə öz həyatınıza baxsanız, başqalarının komediya kimi izlədiyi bir xeyli faciələrin fərqinə vararsınız. Kameranı arabir özünüzə tərəf çevirin, sizin də dişiniz əyridir…

İlk yorumu siz yazın