Taksi sürücüsü tərəfindən döyülərək ağır xəsarət alan Xəzri Həşim Əjdər oğlu 3 ay sonra vəfat edib.
Xəzri Həşim ötən ilin oktyabr ayının 20-də Binəqədi rayonu ərazisində özünə məxsus «Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn «Nissan Sanny” markalı avtomobilin sürücüsü Hüseynov Nicat Arif oğlu ilə aralarında bir-birinə yol verməmək üstündə mübahisə yaranıb. Taksi fəaliyyəti ilə məşğul olan N. Hüseynov mübahisə zamanı Xəzri Həşimi yumruq və təpiklə döyüb. Nəticədə Xəzri Həşim baş-beyin nahiyəsindən həyatı üçün təhlükəli olan xəsarətlər alıb.
Hadisədən sonra şiddətli baş ağrıları başlayan zərərçəkmiş oktyabrın 24-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkar edilib. O, həmin günü evə buraxılıb, lakin axşam baş ağrıları daha da şiddətlənib. Aldığı zərbələrin təsirindən həmin gün axşam Xəzri Həşimin vəziyyəti yenidən pisləşdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına geri qaytarılıb. Xəstəxanaya çatdırıldıqdan təxminən 20 dəqiqə sonra komaya düşüb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qansızma ocağının artması müəyyən edilib və intubasiya edilərək təcili əməliyyata alınıb. Xəzri Həşim ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər Respublika Neyrocərrahiyyə Xəstəxanasına stasionar müalicə alsa da, səhhəti daha da ağırlaşıb. Sonradan Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən xəstə dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib.
Xəzri Həşim bu il yanvarın 25-də vəfat edib.
Hadisəni törətməkdə təqsirləndirilən N. Hüseynov isə polis tərəfindən saxlanılıb, o, Cinayət Məcəlləsinin 126.1-ci ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
APA-nın əldə etdiyi məlumata görə, Xəzri Həşim Əjdər oğlu Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının atasıdır.