“Hər kəs 50 qəpik, 1 manatdan yığsa…” — Xalq artisti çağırış etdi

“Hər kəs 50 qəpik, 1 manatdan yığsa…” — Xalq artisti çağırış etdi
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Lakin bəzən onların problemləri ilə bağlı müraciətlərlə sosial şəbəkələrdə rastlaşırıq.

Mövzu ilə bağlı danışan Xalq artisti, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü Mənsum İbrahimov bu problemlərin operativ araşdırıldığını bildirib:

“Mən həm də “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvüyəm. Yəni özüm şəhid ailələri və qazilərin problemlərinin içərisindəyəm. Həm də öz ailəmdən şəhid olduğu üçün vəziyyəti yaxşı bilirəm. Dövlət bu gün hər şey etməyə çalışır, amma nəzərə almaq lazımdır ki, problem çoxdur. Həm şəhidlərimiz, həm də qazilərimiz çoxdur. Təkcə İkinci Qarabağ Müharibəsinin deyil, həm də Birinci Qarabağ Müharibəsinin şəhid və qaziləri var. Məhz buna görə “YAŞAT” Fondu yaradıldı ki, ianələr əsasında onlara yardım edilsin. Bu günə qədər Fonddan şəhid və qazilərə 60 milyon manatdan çox maliyyə ayrılıb, bu vəsait onların problemləri, övladlarının təhsil almasına xərclənib. Bu gün dövlətimiz həqiqətən müharibə iştirakçılarının problemləri ilə maraqlanır. Hətta xüsusi qruplar yaradıldı. Onlar ailələrinin ünvanlarına getdilər, onların bütün problemlərini qeyd etdilər daha sonra onların demək olar ki, hamısı “YAŞAT” Fondu tərəfindən həll edildi. Şəxsən bizim özümüzə də fondun bir üzvü kimi çox müraciətlər olur. Biz həmin müraciəti anında “Whatsapp” qrupumuza atırıq ki, rəhbərlik məsələ ilə maraqlansın. Orada mobil qruplar var, məsələni 10 dəqiqənin içərisində araşdırırlar, problem nədir öyrənirlər, çevik reaksiya verirlər”.

Xanəndə fonda edilən ianələr hesabına yüzlərlə insana yardımlar edildiyini qeyd edib:

“Türkiyədə nə qədər qaziləmiz var, eləsi var ki, 1 ildən çoxdur orada müalicə olunur, bəziləri üçün İsraildən Bakıya həkim qrupları gətirilir. Zaman-zaman onlara bacardığımız yardımları edirik. Amma bunu təkcə dövlət etməməlidir, hər kəs onlara dəstək olmalıdır, iş adamlarımız, imkanlı şəxslər köməklərini əsirgəməməlidir. Maddiyyatı qırağa qoyuram, onlara diqqət lazımdır. Çünki müharibədən çıxmış insanların normal həyata adaptasiyası üçün vaxt lazımdır, qan-qadanı görmüş insanlar üçün bu çətindir, çünki onun yanında döyüş yoldaşları yaralanır, yanında şəhid olur. Bütün bu ağrı-acı təsir edir. Elə müharibə iştirakçıları var ki, xüsusi bir şikayətləri yoxdur, amma davamlı baş ağrısından əziyyət çəkirlər, çünki bir çoxunun kontuziyası var”.

Sənətçi qazi və şəhid ailələrinə sosial problemlərinin həlli üçün hər kəsin səfərbər olması, bacardığı qədər dəstək olmasının vacibliyini qeyd edib:

 “Dövlətimiz bu gün bütün varlığı ilə onlara kömək etməyə çalışır, razıyam, amma biz də onların yaşaması üçün əlimizdən gələni etməliyik.

O vaxt Sovet dönəmində Vyetnam və digər zəif ölkələr üçün poçt markaları yaradılırdı, həmin markalar məktəbli uşaqlara satılırdı, qiyməti 15-20 qəpik olurdu. Yığılan pullar sonda böyük vəsaitə çevrilirdi və yardım üçün göndərilirdi. Yəni demək istəyirəm ki, sadə insanlar da fondumuz üçün gücü çatan qədər nə isə edə bilər. Düşünün, hər kəs 50 qəpik, 1 manatdan yığsa necə olar? 10 milyon əhalimiz var, bu böyük məbləğ deməkdir. Biz də həmin pulu canını bizim uğrumuzda qurban verən insanlara xərcləyirik. Bu gün biz onların sayəsində alnıaçıq, başı dik gəzirik. Biz 30 ildir işğala məruz qalmışdıq, 20-30 yaşlı əsgərlərimiz torpaqlarımızı azad etdi, mənim qardaşım oğlu şəhid olanda 23 yaşı vardı, subay oğlan idi, nə həyat görmüşdü ki? Amma gedib canını qurban verdi. Qardaşlarım üçü də qazıdır, Birinci Qarabağ müharibəsi iştirakçılarıdırlar. Mən bütün bu od-alovun içində olmuşam. Ağdam birinci müharibədə 6750 şəhid verib. Bu çox böyük bir rəqəmdir, Ağdamda hər 3 evdən birində şəhid var. Kənardan məsləhət vermək yox, hər kəs bacardığını etməlidir, dəstək olmalıyıq. Ən azından küçədə görəndə qayğı göstərməliyik, onların ən çox ehtiyacı olduğu şey məhz budur. Onlar diqqət istəyirlər, onlar hiss etməlidirlər ki, həqiqətən seçilmiş insandırlar, çünki sözün əsl mənasında onlar seçilmiş insanlardır. Hamımızın canı şirindir, hamı yeri gələndə canını qurban verməyə hazırdırmı? Amma o uşaqlar bunu etdilər. Onlar nə həyat görmüşdülər ki? Necə ki, yumruq kimi birləşib Qarabağımızı aldıq, eləcə də bu gün birləşib həm dövlətimizin inkişafı üçün çalışmalı, həm də şəhid və qaziu ailələrinə yardım etməliyik, bacardığımız qədər dəstək olmalıyıq”.

M.İbrahimov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün təklif verib:

“Şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün onların məktəblərə, bağçalara, küçələrə verilməsi gözəl addımdır. Bu olmalıdır. Həmin şəhidin övladı görməlidir ki, onun atası boş yerə canını qurban verməyib, onun adına məktəb, küçə var, atasının büstü qoyulub, adı unudulmur. Bunlar mütləq lazımdır. Düşünürəm ki, şəhid adları daha çox məktəblərə verilməlidir, çünki uşaqlar məktəblərdə yetişir. Məktəbdə şəhidin adını, büstünü tez-tez görməli, onun adına keçirilən anım günlərində iştirak etməli, bu ruhda böyüməlidirlər. Onların hamısının adı əbədiləşdirilməlidir, bu çox zəruridir”. 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

İlk yorumu siz yazın