Unun, çörəyin qiyməti niyə qalxır?
Son günlər sosial şəbəkələrdə çörəyin və unun qiymətinin bahalaşacağı barədə xəbərlər sürətlə yayılmaqdadır. Hətta bir çox xəbər saytları çörəyin qiymətinin nə qədər bahalaşacağı barədə də proqnozlar verirlər. Heç bir şey olmamış küyə düən kütlə də bu xəbərlərdən ekstaza gələrək az qala təşvişə düşür ki, unun, çörəyin qiyməti qalxsa görəsən necə olacaq? Bundan istifadə edən ara qarışdıranlar da elə təqdim edirlər ki, sanki unun, çörəyin qiymətini çörək zavodları, ya da Tarif Şurası qaldırır, ona görə də onları hədəfə alırlar. Halbuki belə deyil.
Qızıl, platin, civə, neft kimi taxılın da qiyməti dünya bazarından asılıdır. Dünyada tələbatdan asılı olaraq taxılın qiyməti həmişə düşüb və qalxıb. Sadəcə əvvəllər bu qiymət qalxması prosesi cüzi şəkildə baş verdiyi üçün hökümət çörəyin qiymətinin qalxmaması üçün müəyyən tədbirlər həyata keçirib. Lakin dünyanın əsas taxıl istehsalçısı olan iki dövləti Rusiya və Ukrayna arasında hazırda müharibə getdiyi üçün dünyada taxıl böhranı daha da dərinləşib. Əksər dünya dövlətləri hazırda qiymət barədə deyil, ölkəsinə taxıl tədarükü görmək barədə düşünür. Çünki bir çox dövlətlər əlində pul hardan taxıl tədarük edəcəyini bilmir. Azərbaycan prezidenti İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində isə ölkəmizin qıtlıqla bağlı qorxusu yoxdur, amma qiymət artımı dünyada baş verən proseslər fonunda qaçılmazdır. Çünki neft və ondan alınan benzin kimi taxıl və ondan alınan unun, bişirlən çörəyin qiymətini də dünya bazarı diktə edir. Bu nə çörək zavodundan, nə də Tarif Şurasından asılı məsələ deyil.
Bəs öz taxılımız?
Bəziləri hətta bilib-bilmədən yazırlar ki, “bəs öz taxılımız hara gedir?”. Azərbaycan heç bir vaxt əkdiyi taxılla özünü tam təmin edə bilməyib. Hər bir regionun özünün xüsusiyyətləri var. Bizim region taxıl əkini üçün münasib deyil. İl quraqlıq keçəndə fermerlərin də əziyyəti puç olur, ziyana düşür, necə deyərlər, «xərci borcunu ödəmir», dövlət nə qədər dəstək versə də rentabelli ola bilmir. Amma Ukrayna və Rusiya, eləcə də Hindistan və digər taxıl istehsalçısı olan ölkələrin iqlimi taxıl əkini üçün çox əlverişlidir. Həmçinin taxıl əkini üçün zəruri texnika və gübrələri də özləri istehsal edir ki, bu da həmin ölkələrin taxılının daha ucuz başa gəlməsini təmin edir. Ona görə də Azərbaycan kimi ölkələrə taxılı əkməkdənsə, onu taxıl istehsal edən ölkələrdən satın almaq, idxal etmək daha əlverişlidir.
Doğrudanmı “Çörək bol olarsa, basılmaz Vətən?”
Əslində dərd o deyil ki, taxılın qiyməti qalxır, dərd budur ki, dünyada taxılı əsasən heyvandarlıq üçün istifadə edirlər, dünya dövlətləri taxılın qiymətinin dünya bazarında bahalaşmasından və qıtlığından məhz heyvandarlıq sahəsinin zərər çəkəcəyindən ehtiyat etdiyi üçün narahat olur, bizim sosial şəbəkələrdə nabələd kütləyə ekspertlik edən diletantlar isə çörəyin qiymətinin qalxacağını dərd kimi sırımağa cəhd edirlər. Halbuki çörəyin qiymətinin qalxması dərd olmamalıdır. Mərhum xalq şairi S.Vurğunun “Çörək bol olarsa, basılmaz Vətən” misrası keçmiş Sovet ideoloji işinin məhsulu idi. İki nəhəng taxıl istehsalçısı hazırda müharibə edir və çörəyin bu müharibədə heç bir rolu yoxdur. Eləcə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qələbəni təmin edən çörəyin bolluğu yox, Müzəffər Ali Baş Komandanın mahir hərbi-diplomatik manevrləri və qəhrəman xalqımızın, ordumuzun döyüş əzmi idi.
Zərəri faydasından çox olan çörək
Bu gün artıq dünyanın qabaqcıl elmi tədqiqat mərkəzləri sübut edir ki, un və un məhsulları qida baxımından çox yararsız və zərərlidir. Bu o qədər geniş mövzudur ki, bir yazıya sığan deyil. Sadəcə onu qeyd edim ki, un məhsulları, xəmir xörəkləri insanın təkcə təbii artım prosesinə deyil, həm də beyninin fəaliyyətinə mənfi təsir edir, uşaqlarda boy artımına, normal fiziki inkişafa, cinsi zəifliyə, müxtəlif onkoloji xəstəliklərə, piylənməyə və s. arzuolunmaz nəticələrə səbəb olur. Bu gün artıq yeni doğulmuş uşaqlarda şəkər xəstəliyinə tez-tez rast gəlinir. Bunun bir səbəbi də valideynlərin qida rasionunda un məmulatlarına çox yer verməsidir. Harvard Universitetinin İctimai Səhiyyə Məktəbinin araşdırmasının nəticələrinə əsasən alimlər çörəyin yaxşı bişməsi, həmçinin tez kiflənməsinin qarşısını almaq üçün ona əlavə edilən kalsium propionat (E282) və soda propionat (E281) maddəsinin hormon səviyyəsinin yüksəlməsinə, piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola biləcəyini müəyyən ediblər. Bu barədə “Science Translational Medicine” elmi jurnalı məlumat yayıb. Propionatın zərərini sübut etmək üçün alimlər uzun illər genişmiqyaslı araşdırmalar, siçanlar və insanlar üzərində təcrübələr aparıblar. İnsanlar üzərində aparılan təcrübəyə 14 sağlam insan cəlb edilib və onlar iki qrupa bölünüblər. Yeməyin tərkibinə propionat əlavə edilən şəxslərdə metabolik xəstəliklərin və hormon səviyyəsinin artması müşahidə olunub.
Bundan əlavə məşhur amerikalı kardioloq Vilyam Devis araşdırmalar nəticəsində müəyyən edib ki, müasir buğda və ondan hazırlanan un qanda şəkər və qlükemik miqdarını artırır. Eləcə də buğdada olan qlüardin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir, dad reseptorlarını dəyişir, nəticədə insan doyma hissini itirir, daha çox yeyir və beləliklə çörəkdən asılılıq yaranır. Kardioloq bildirib ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit, mədə turşuluğu kimi xəstəliklər aradan qalxır, insan özünü gümrah hiss edir. Bu fikirlər eynilə qara və ya dietik çörək adlandırdığımız un məmulatlarına da aiddir.
Hərşeyşünas ekspertlər və onlara şəkk etməyən kütlə
Yalan, ya doğru yazdığımı bilmək üçün internetdə axtarış sistemlərində “çörəyin zərəri”, “xəmir xörəklərinin zərəri” yazıb araşdırmaq kifayət edər. Təbii ki, internetə ancaq “o videonu mənə də atın, izləyim” düşüncəsi ilə girən, heç bir araşdırma aparmadan ancaq hərşeyşünas sosial şəbəkə “ekspert”lərinin fikirlərinə tənqidi yanaşmadan, az qala Quran ayəsi kimi baxıb olduğu qəbul edən kütlə üçün araşdırma aparmaq yorucudur, onlar informasiyanı da hazır qəbul etmək istəyirlər. Covid-19 pandemiyası zamanında olduğu kimi. Dünya koronavirus təhlükəsi ilə bağlı həyəcan təbili çalanda, dünyanın bir çox dövlətləri, hətta inkişaf etmiş dövlətlər öz əhalisi üçün vaksin axtarışında olanda Azərbaycan prezidenti öz xalqı üçün dərhal vaksin tədarükü gördü, hətta qonşu dövlətlərə də pulsuz göndərdi, həmçinin bir çox dövlətlər vaksini öz xalqına pulla satdığı zaman Azərbaycanda vaksin pulsuz oldu. Bəs sosial şəbəkərlərdəki hərşeyşünas “ekspert”lər nə etdilər? Heç bir araşdırma aparmadan Yutub və digər platformalardan car çəkdilər ki, “koronavirus boş şeydir”, “vaksin vurdursanız sizi izləyəcəklər”, “koronavirus 5G texnologiyasından törəyir”, “5G texnologiyası hansı ölkəyə gedibsə, orda bu xəstəlik yayılır” və s. bu cür cəfəng boşboğazlıqlar. Əsl faciə budur ki, kütlə həmin cəfəng fikirləri bəh-bəhlə bir-birinə ötürür, bəziləri də üstünə musiqi yapışdırıb öz səhifələrində, Votsap statuslarında, Tik-Tokda paylaşırdılar. Bəs nə oldu? 5G yenə var, amma həyat davam edir.
Günün sualı: Nə etməli?
Sosial şəbəkədə hər eşitdiyini, hər oxuduğunu Quran ayəsi kimi qəbul etmək lazım deyil, yoxlamaq, faydalı olanı yadda saxlamaq, yalanlara isə gülüb keçmək lazımdır. Dünya undan, un məmulatlarını qida kimi qəbul etməkdən imtina etdiyi bir vaxtda, bizim çörəyin qiymətinin bahalaşmasını özümüzə dərd etməyimiz sadəcə gülməli və ayıbdır. Ona görə ki, bizdə az qala plovu yuxa ilə yeyirlər, kartof tərkibcə demək olar ki, ikinci çörəkdir, onu da çörəklə yeyirik, bizə düşmən lazım deyil, özümüz özümüzə, öz sağlamlığımıza düşmən kəsilmişik. Dünyada supu içirlər, bizdə supun içinə çörək doğrayıb yeyirlər, ona görə də fikir versəniz, bizdə “sup içdim” yox, “sup yedim” deyirlər. Süfrəyə nə verilsə, yanında çörək də verilir. Hətta kababı da çörəklə yeyirlər.
Çörək yeyən insanlara da baxın, çörəkdən imtina edənlərə də, fərqi görmək çətin deyil. Heç olmasa bir həftəlik çörəkdən imtina edin, ya da çörək və digər xəmir xörəklərinin, un məmulatlarının istehlakını azaldın, orqanizminizdə baş verən müsbət dəyişiklikləri müşahidə edə biləcəksiniz. Onda görəcəksiniz ki, çörəyin qida kimi zərəri faydasından qat-qat çoxdur.
Ona görə də çörək istər bahalaşsın, istər ucuzlaşsın, bu bizi məşğul etməməlidir. Çörəyi tədricən menyumuzdan, mətbəximizdən tam çıxara bilməsək də, istifadəsini tədricən azaltmalıyıq. Əgər buna nail ola bilsək, onda avtomatik olaraq xəstəxana və aptek qapılarında növbə gözləyənlərin də sayı azalacaq. Sadə bir müqayisə aparın, görün ABŞ-da, Avropada taxılın qiymətinin qalxmağından çox narahat olurlar, yoxsa neft və qazın? Həm də təkcə un və un məmulatları deyil, şəkər də qabaqcıl dünyanın imtina etdiyi ərzaq növüdür. Dünya nədən imtina edirsə, biz əksinə ondan bol-bol istifadə edirik, nəticə də göz qabağındadır, hamı xəstəlikdən, yorğunluqdan, yaddaş pozuntularından şikayətlənir, süni mayalanmaya maraq artır, insanlar çəki artıqlığından, şişmanlıqdan əziyyət çəkir. Çıxış yolu sağlam qidalanmaqdan keçir. Necə deyərlər, “kim ki, 100 il yaşamasa, günah onun özündədir”.
Xanlar Xoca