“Siyasi partiyalar haqqında” müzakirəyə çıxarılan yeni qanun layihəsi Azərbaycanda siyasi partiyaların inkişafında, güclənməsində mühüm rol oynayacaq.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Partiya sədri əlavə edib ki, uzun müddətdir ki, cəmiyyətdə siyasi partiyaların böyük əksəriyyətinə insanlar rişxəndlə yanaşırdılar və bir sədri, bir möhürü olan partiyalar adlandırırdılar.
Müsahibimiz əlavə edib ki, bu qanun layihəsi qəbul olunduqdan sonra bu cür partiyaların yaşamaq imkanı olmayacaq:
“Həm üzvlərinin sayının 10 minə çatdırılması, həm seçkilərdə iştirakla bağlı tələb qoyulması bu partiyaların mövcudluğunu mümkünsüz edəcək. Bu tələblər təbii ki, asan tələblər deyil və siyasi partiyaları birləşməyə, birlikdə fəaliyyət göstərməyə məcbur edən tələblərdir. Artıq kimsə partiya sədri olmaq xatirinə təkbaşına partiya saxlamaq fikrindən daşınmalı olacaq. Artıq birləşmə yollarını axtarmaq, bir neçə siyasi partiyanın birləşməsinə nail olmaq siyasilərin əsas üzərində düşündükləri suallar olacaq. Və bu, imkan verəcək ki, Azərbaycanda 3-4 sanballı partiya ortaya çıxsın və gələcəkdə bu partiyalar arasında həqiqətən də, ciddi rəqabət mühiti olsun”.
Böyük partiyaların yaradılması, xüsusilə müxalifətdə ciddi partiyaların olması cəmiyyət üçün son dərəcədə vacib məsələ olduğunu qeyd edən partiya sədri əlavə edib ki, bu gün özünə böyük, hətta ana müxalifət deyən partiyaların kadrlarının sayı bir əlin barmaqlarına keçmir:
“Sanballı kadrlardan söhbət gedirsə, onlar daha azdır. Hətta, bəzən özünə böyük deyən partiyaların normal siyasi savadı olan sədri belə olmur. Digər tərəfdən, bu qədər partiyaların olması siyasi partiyaların mahiyyətini də dəyişdirir. Bu gün siyasi partiya liderlərinin demək olar ki, hamısı politoloq kimi çıxış edirlər və müxtəlif məsələlərə münasibət bildirirlər. Bəziləri gündə bir neçə dəfə internet kanallarında çıxışlar edirlər, ancaq ortaya ciddi proqramlar qoyan, alternativ proqramlar qoyan siyasi partiyalar demək olar ki, yox dərəcəsindədir. Bir sözlə, siyasi partiyalarla bağlı Azərbaycanda kifayət qədər problemlər var, cəmiyyəti narahat edən məsələlər var. Bu layihə də həmin narahatçılıqları götürmək üçün ortaya çıxan ciddi bir sənəddir. Müzakirələrin gedişində təbiidir ki, müəyyən dəyişikliklər mütləq olacaq, ancaq layihə müsbət hadisədir. Layihə Azərbaycanda siyasi partiyaların güclənməsinə xidmət edir, Azərbaycanda bir neçə güclü siyasi partiyanın ortaya çıxmasına xidmət edir. Hesab edirəm ki, bu heç kimdə şübhə doğurmamalıdır”.